4.2.2.7. Oosporioz - qabarıq dəmgil (Oospora pustulans)
Xəstəliyə bitkinin, əsasən, yumruları tutulur (Şəkil 4.52). Belə ki yumrular üzərində müxtəlif ölçülü tutqun, bütöv, diametri 3-4 millimetr olan basıq şırımla əhatə olunmuş qabarıq ləkə əmələ gəlir. Lakin bu zədələnmələr çürümə ilə nəticələnmir. Mikroskop altında baxdıqda xəstə hüceyrələrin qonur rəngə boyanması müşahidə olunur. Xəstəliyə tutulmuş yumruların gözcükləri məhv olur, onların cücərməsi zəifləyir, dadı və digər keyfiyyət göstəriciləri pisləşir. Bu cür toxumlarla əkin keçirdikdə bitkidə əmələ gələn gövdələrin sayı azalır, bitkinin inkişafı zəifləyir və məhsuldarlığı aşağı düşür. Yumrularda nişastanın, zülalın və vitaminlərin miqdarı da azalır. Xəstəliyin inkişafı üçün ən əlverişli temperatur 12-16 dərəcə, havanın nisbi nəmliyi isə 85 faiz hesab edilir. Lakin 30C-dən 11 dərəcəyə qədər xəstəliyin inkişafı davam edə bilir. Xəstəliyin törədicisi torpaqda 3-5 il, yumrularda isə bir müddət (saxlanma şəraitindən asılı olaraq) qala bilir. Xəstəliyi törədən göbələk yumrulara gözcüklərdən, mexaniki təsirlərə məruz qalmış, xəstəlik və zərəvericilərlə zədələnmiş yerlərdən daxil olur. Kartofun saxlanması müddətində də xəstəliyin yayılmasına təsadüf edilir.
Mübarizə tədbirləri: ilk növbədə növbəli əkinə əməl edilməklə kartofun əvvəlki əkildiyi yerinə ən azı 3-4 ildən sonra qaytarmaq məsləhət görülür. Sələf bitkisi kimi çoxillik otlardan və dənli-paxlalı bitkilərdən istifadə olunmalıdır. Yığımdan əvvəl kartofun yerüstü kütləsi biçilməli və kimyəvi üsulla (desikantlarla) zərərsizləşdirilməlidir.
Toxumluq üçün nəzərdə tutulan sağlam yumrular xəstəliyə sirayətlənmiş yumrulardan ayrılmalı və əkinqabağı dərmanlanmalıdır. Saxlanmağa qoymazdan əvvəl qabaqlayıcı mübarizə tədbiri həyata keçirilməlidir. Belə ki 1 ton kartof yumrusu 60 millilitr Tektofunqisidi +2 litr su qarışığı ilə çilənməlidir. Toxum üçün hazırlanmış kartof yumrularının hər tonu isə əkindən əvvəl 90-120 millilitr Tektofunqisidi +2 litr su qarışığı ilə dərhal dərmanlanmalıdır (Şəkil 4.46).