Dəmgilə tutulmuş kartof yumrularının dadı, əmtəəlik görkəmi pisləşir, tərkibində nişastanın miqdarı 5 faizdən 30 faizədək aşağı düşür, yumrularda quru maddənin, zülalın, amin turşularının və vitaminlərin də miqdarı azalır.
Əkin materialı dəmgil xəstəliyi ilə güclü sirayətləndikdə kartofun toxumluq keyfiyyəti aşağı düşür. Gözcüklərin zədələnməsi nəticəsində cücərtilərin əmələ gəlməsi xeyli zəifləyir. Eyni zamanda yoluxma quru və yaş çürümə xəstəliyinin əmələ gəlməsinə də əlverişli şərait yaradır.
Xəstəlik yumrularla və xüsusilə, torpaq vasitəsilə sağlam bitkiyə yoluxur. Hətta sağlam toxumları xəstəliklə sirayətlənmiş torpağa əkdikdə onlardan əmələ gələn yumrular xəstəliyə yenidən yoluxur. Lakin xəstə yumrularla keçirilən əkinlərə nisbətən sağlam yumrularla keçirilmiş əkin sahələrində xəstəliyə tutulmuş bitkilərin ümumi miqdarı əhəmiyyətli dərəcədə azalır.
Mübarizə tədbirləri: Növbəli əkinə düzgün riayət edilməli, kartof öz əvvəlki əkildiyi yerə 4-5 ildən sonra qaytarılmalıdır. Xəstə yumrular çıxdaş edilməli, əkin materialı dərmanlanmalı, dəmgilə davamlı sortlarla əkin keçirilməlidir.
Kartof əkini altına yalnız çürümüş peyin (Şəkil 4.11), torf (Şəkil 4.13) verilməli, imkan olan yerdə yaşıl sideratlardan (Şəkil 4.16) istifadə edilməlidir.
Yumruların kütləvi formalaşdığı dövrdə suvarma yolu ilə torpaqda nəmliyi normal səviyyədə saxlamaq lazımdır.
Saxlanma müddətində hər ton yumruya 200 qram və əkindən əvvəl 400 qram norma ilə (2 litr/ton işçi məhlul hazırlamaqla) “Maksim” (Şəkil 4.45) funqisidi çilənməlidir.
Məhsul yığımından sonra kartofu saxlanmağa qoymazdan əvvəl hər ton toxumun 60-90 qram hesabı ilə “Tekto” (Şəkil 4.46) funqisidi ilə (2 litr/ton işçi məhlul hazırlamaqla) çilənməsi müsbət nəticə verir.