Əkinqabağı toxumların funqisidlərlə dərmanlanması olduqca vacibdir. Torpağın hazırlanması müasir texnologiya əsasında həyata keçirilməli, torpaqda temperatur 8-100C olduqda kartof əkininə başlanılmalıdır.
Əkindən əvvəl xəstə toxumlar seçilərək ayrılmalı, əkin məqsədi ilə xəstəliyə davamlı sortlardan istifadə edilməlidir.
Rizoktonioza qarşı kimyəvi mübarizə aparmaq məqsədilə kartof yumruları əkinqabağı Aqat-25K (Şəkil 4.41) (135 qram/ton), Ditan M45 (Şəkil 4.42) (1,2-1,6 kiloqram/ton), Kolfuqo Super (Şəkil 4.43) (200-300 qram/ton) funqisidlərindən biri ilə (3-5 litr/ton məhlul hazırlamaqla) çilənməlidir.
Kartof əkinlərinin vegetasiya ərzində 3 dəfə (hər hektara 5 kiloqram hesabı ilə) kuproksatla çilənməsi də müsbət nəticə verir.
Toxumların əkindən əvvəl fundazolla (0,5-1,0 kiloqram/ton), fenoramla (2,0 kiloqram/ton) dərmanlanması da səmərəli tədbirlərdən biridir.
4.2.2.4. Adi dəmgil (Streptomyces scabies)
Xəstəlik aşağı nəmlik və 280C-dək temperatur şəraitində sürətlə inkişaf edir.
Xəstəliyə, adətən, kartofun yumruları tutulur (Şəkil 4.44). Lakin bitkinin stolonları və kökləri də xəstəliyə yoluxa bilər. Göbələyin sporları yumrulara zədələnmiş qabığın altına daxil olur. Tam formalaşmamış və qabığı bərkiməmiş yumrularda dəmgil xəstəliyi inkişaf etmir.
Xəstəliyə yoluxmuş yumruların səthində qeyri-müəyyən formalı basıq yaralar əmələ gəlir. Yaraların ölçüsü bir neçə millimetrdən 1 santimetrə qədər olur və sonra bitişərək qaysaq əmələ gətirir.
Yüngül mexaniki tərkibli torpaqlarda ağır torpaqlara nisbətən xəstəlik daha intensiv inkişaf edir. Suvarma zamanı torpaqda həddindən artıq su toplandıqda və nəmişli illərdə xəstəliyin inkişafı sürətlənir.