4.2.2.3. Rizoktonioz (Rhizoctonia solani)
Xəstəliyin törədicisi torpaqda və kartof yumruları üzərində qara sklerosiya halında qışlayır. Rizoktonioz bitkinin ilk cücərtilərini, gövdəsini (Şəkil 4.38), kökünü (Şəkil 4.39) və yumrularını (Şəkil 4.40) bütün vegetasiya dövrü yoluxdurur. Xüsusilə, kartof yumrularının cücərməsini 15-20 faiz, məhsuldarlığını 10-15 faiz və bəzi hallarda isə 30-40 faizədək aşağı salır. Xəstəlik yumruların cücərməsi və çıxışı dövründə daha təhlükəlidir. Belə ki göbələk yeni əmələ gəlmiş cücərtilərin üzərində inkişaf edərək onların çürüməsinə və məhv olmasına səbəb olur. Cücərtilər nəmli şəraitdə əmələ gəldikdə xəstəliyin inkişafı sürətlənir.
Ümumiyyətlə, nəmli və yağıntılı illərdə xəstəliyin inkişafı daha intensiv xarakter alır. Yayın birinci yarısında gövdə üzərində ağ-boz rəngli ləkəli təbəqələr əmələ gəlir. Rizoktoniozun bu növü ağ ayaq adlanır. Lakin 45 gündən sonra bu təbəqələr tündləşir və tədricən nəzərə çarpmayan şəklə düşür. Yağışlı və rütubətli illərdə ağ ayaq xəstəliyi kartofun yerüstü kütləsinin bəzən 70 faizədək hissəsini əhatə edə bilir. Xəstəliyin güclü inkişafı nəticəsində bitki solğunlaşır (rəngi ağarır), yuxarı yarpaqları qızarır, qıvrılır, saplağı qısalır. Bitkinin yarpağında və yeraltı hissələrində çatlar, yumrularda isə müxtəlif formalı 4 növ ləkəli zədələr əmələ gəlir.
Xəstəliyi törədən göbələk 90C temperaturda inkişaf etməyə başlayır. Yüksək nəmlik və 15-210C temperatur şəraiti xəstəliyin inkişafı üçün daha əlverişli sayılır.
Rizoktoniozun göbələyi tünd (qonur) rəngdə olur, arakəsmələri aydın görünür və buna görə də digər göbələk növlərindən asanlıqla fərqlənir. Xəstəliyin törədicisi torpaqda və kartof yumrularında qalır.
Mübarizə tədbirləri: İlk növbədə əkini düzgün növbələşdirməli, kartof öz əvvəlki əkildiyi yerə ən az 3-4 ildən sonra qaytarılmalıdır.