4.2.2.2. Makrosporioz (Macrosporium solani)
Makrosporioz xəstəliyi kartofun yarpaqlarını, gövdəsini yoluxdurur (Şəkil 4.36). Güclü yoluxma nəticəsində bitkinin yerüstü hissəsi vaxtından əvvəl soluxur və kartofun məhsuldarlığı aşağı düşür. İqlim şəraitindən asılı olaraq bəzi illərdə xəstəliyin təsirindən məhsuldarlığın 30 faizədək aşağı düşməsi müşahidə olunur.
Makrosporioz dünyanın kartofçuluqla məşğul olan əksər bölgələrində əkinlərə xeyli miqdarda ziyan vurur. Xəstəliyə yoluxmuş yarpaqlara quru, qonur, halqavarı ləkələr əmələ gəlir. Gövdədə xəstəliyin nişanələri tünd-qonur konsentrik ləkə şəklində nəzərə çarpır. Xəstəliyin törədicisi toxumalara daxil olaraq gövdəni məhv edir. Xəstəliyin təsirindən yalnız təzə əmələ gəlmiş, tam yetişməmiş yumrular zərər çəkir.
Qış aylarında saxlanma zamanı kartofun zədələnmiş hissələri digər mikroorqanizmlərlə yoluxaraq yumruların çürüməsinə və tam yararsız hala düşməsinə səbəb olur. Havalar isti keçdikdə, qısamüddətli yağışlar yağdıqda və gecələr şehli olduqda makrosporioz daha sürətlə yayılmağa başlayır. Göbələyin sporları 25-280C temperatur şəraitində daha intensiv inkişaf edir.
Ekoloji şəraitdən asılı olaraq xəstəliyin törədicisinin inkubasiya dövrü 3-8 günə başa çatır. Xəstəliyi törədən göbələk mitsel və ya konidi formasında bitki qalıqlarında qışlayır. Xəstəlik quşüzümü fəsiləsindən olan digər bitkiləri də yoluxdurur.
Mübarizə tədbirləri: İlk növbədə sağlam, keyfiyyətli kartof yumruları ilə əkinin keçirilməsi tövsiyə olunur.
Yığımdan sonra bitki qalıqlarını zərərsizləşdirmək və kartofu öz əkildiyi yerə ən azı 3-4 ildən sonra qaytarmaq qabaqlayıcı tədbirlərdən biridir. Kartofun əkin sahəsini pomidor və digər quşüzümü fəsiləsinə aid olan bitki sahələrindən təcrid etmək lazımdır. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə hər 7-10 gündən bir funqisidlərlə çiləmə aparılmalıdır.
Mübarizə məqsədilə fitoftoroza qarşı tətbiq edilən funqisidlərdən istifadə edilməsi səmərəli nəticə verir (Şəkil 4.37).