Azərbaycanda və dünyanın digər ölkələrində kartof sahələrində ən çox yayılmış alaq otlarına qırxbuğumu (Şəkil 4.19), cincilimi (Şəkil 4.20), quş üzümünü (Şəkil 4.21), çöl quşnoxudunu (Şəkil 4.22), qara quşüzümünü, göyçiçəyi, gicitkanı (Şəkil 4.3), bulaqotunu (Şəkil 4.24), çöl xardalını, əməköməcini (Şəkil 4.25), çayırı (Şəkil 4.26), vəhşi turpu, çobanyastığını (Şəkil 4.27), qaratərəni (Şəkil 4.28), sarılıqotunu, şahtərəni, adi süprəyi, quşəppəyini (Şəkil 4.29), vəhşi yulafcanı və yaxud haçaquyruğu, ayrıqotunu, qızıl sarmağı, humayı, pıtrağı (Şəkil 4.30) və sair növləri misal göstərmək olar.
Alaqlanmış kartof sahələrində sıxlıq yarandığı üçün havalanma çətinləşir, nəticədə fitoftoroz xəstəliyinin sürətlə yayılmasına şərait yaranır (Şəkil 4.31). Bundan əlavə, alaq otları bir sıra virus xəstəliklərinin də yayılmasına səbəb olur. Məsələn, bənövşə və quşəppəyi bitkiləri kartof sahələrində tütün virusunun yayılmasını sürətləndirir.
Alaq otları toxumlarının yayılması bölgələrin torpaq-iqlim şəraitindən, kartofçuluqda tətbiq edilən becərmə texnologiyasından, növbəli əkindən və digər amillərdən asılıdır.
Tədqiqatlar göstərir ki, orta dərəcədə alaqlanmış sahələrin 1 hektarında alaq otlarının miqdarı 200-300 milyonadək arta bilir.
Alaq otlarına qarşı aparılan aqrotexniki tədbirlər və herbisidlərlə mübarizə nəticəsində onların sayını hər hektarda 10 milyonadək və daha çox azaltmaq mümkündür. Lakin mübarizə tədbirlərini zəiflədən andan etibarən alaqların sayı qısa müddətdə yenidən artmağa başlayır.
Mövcud şəraitdə aqrotexniki tədbirlərlə yanaşı, alaq otlarına qarşı herbisidlərin tətbiqi olduqca vacibdir.