Kartof bitkisi torpaqda olan hümusun və digər üzvi birləşmələrin tərkibindəki qida elementlərindən daha intensiv istifadə etdiyi üçün bu cür torpaqlarda üzvi gübrələrin bilavasitə tətbiqinə ehtiyac duyulmur. Lakin üzvi və qeyri-üzvi birləşmələrlə zəif təmin olunmuş və ağır mexaniki tərkibli torpaqlarda üzvi gübrələrin tətbiqi olduqca vacibdir. Üzvi gübrələr torpağı yumşaldır, onun münbitliyini yaxşılaşdırır, torpağın əkin üçün hazırlanmasını asanlaşdırır, qida maddələrinin, karbon qazının torpaqda ehtiyatını artırır, nəmlik, havalanma rejimini nizamlayır. Üzvi gübrələrin ən çox istifadə edilən növləri: peyin, torf, torflu peyin, kompost.
Torpağın qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq kartof əkini üçün nəzərdə tutulmuş sahəyə payızda şum altının hər hektarına 20-30 ton peyin verilməsi yüksək və keyfiyyətli kartof məhsulu alınmasına təminat verir (Şəkil 4.11). Eyni zamanda əkinqabağı (yumruların basdırılmasına ən azı 1 ay qalmış) hər hektara 20 ton peyin verilməsi tövsiyə olunur. Yazqabağı peyinlə birlikdə təsiredici maddə hesabı ilə hektara 40 kiloqram azot gübrəsi verilməsi də məhsuldarlığın artması üçün vacibdir.
Peyinlə yanaşı, peyin şirəsi ilə də kartofun yemləndirilməsi müsbət nəticə verir. Belə ki peyin şirəsində azotun 50-70 faizi minerallaşaraq ammonium formasında bitki tərəfindən daha tez mənimsənilir.
Peyin şirəsi torpağın 10 santimetr qatına qarışdırılır və yaxud samanla birlikdə verilir. Yüngül mexaniki tərkibli torpaqlarda peyin şirəsini torpağın əkin üçün hazırlanmasından əvvəl sahəyə verilməsi tövsiyə edilir. Ümumiyyətlə, üzvi gübrələrin payızda əsas şum altına verilməsi daha məqsədəuyğundur və müsbət səmərə verir. Belə ki yazda bilavasitə əkin zamanı sahəyə peyin verdikdə minerallaşma tədricən getdiyi üçün bitki çox cüzi miqdarda peyində olan qida elementlərindən istifadə edə bilir.