Kalium gübrəsi kartofun qidalılıq keyfiyyətini yaxşılaşdırır, yumrularda limon turşusunun, C vitaminin miqdarını artırır və nəticədə bitkinin qara ləkə xəstəliyinə tutulma ehtimalı azalır. Eyni zamanda əmtəəlik kartofun botaniki rənginin dəyişilməsinin və bişirilmə zamanı qaralmasının da qarşısı alınır.
Lakin kartof bitkisində kalium elementinin normadan artıq toplanması nəticəsində yumrularda şəkərin miqdarı çoxalır və ondan emal olunan yeyinti məhsullarının keyfiyyəti nisbətən aşağı düşür. Yüksək normada kalium gübrəsinin tətbiqi, həmçinin, kartof yumrularında nişastanın da miqdarını aşağı salır. Odur ki, istehsal təyinatından asılı olaraq kalium gübrəsinin normaları düzgün müəyyənləşdirilməlidir.
Gübrələmə zamanı, əsasən, kalium-xlorid və kalium-sulfatdan istifadə olunur. Lakin sulfatlı kalium gübrəsi, xloridli kalium gübrəsinə nisbətən kartof bitkisi üçün daha əhəmiyyətlidir. Tədqiqatlar göstərir ki, kalium-xlorid gübrəsindən mütəmadi istifadə edildikdə bitkidə assimilyasiya prosesi zəifləyir və yumrularda nişastanın miqdarı azalır. Kalium gübrəsi torpağın mexaniki tərkibindən asılı olaraq əsas şum altına və kultivasiya zamanı cərgələrə verilir. Yüngül mexaniki tərkibli torpaqlara kalium gübrəsinin yazda verilməsi daha səmərəlidir. Kalium gübrəsinin əsas növləri kalium-sulfat (şəkil 4.7), kalium-maqnezium (şəkil 4.8), kül (potaş) (Şəkil 4.9) və sement tozu hesab edilir.