Bir hektardan, orta hesabla, 300 sentner kartof məhsulu almaq üçün torpağa təsiredici maddə hesabı ilə 150 kiloqram, 350 sentner nəzərdə tutulduqda isə 180 kiloqram azot verilməlidir. Əgər kartof əkilən sahəyə əvvəllər uzun müddət və yüksək normada üzvi gübrə (peyin, torf) verilibsə, bu zaman nəzərdə tutulan azotun miqdarı müvafıq olaraq 20-30 kiloqram azaldılır. Kartof əkilən torpağın hər hektarına 20 ton peyin verilərsə, bu zaman azotun miqdarının 20-30 kiloqram azaldılması tövsiyə edilir. Faraş kartof yetişdirilən sahələrdə azotun norması 10-20 kiloqram, yağmurlu və suvarılan bölgələrdə isə (nitratların yuyulması ilə əlaqədar) 30-40 kiloqram artırılmalıdır. Toxumluq məqsədi ilə kartof yetişdirildikdə azotun norması nisbətən azaldılır. Polietilen örtük altında faraş kartof yetişdirdikdə hər hektara 200 kiloqram azot verilməlidir. Ümumiyyətlə, hər 100 sentner kartof məhsulunun alınması üçün orta hesabla 30-40 kiloqram azot tələb olunur.
Yüngül mexaniki tərkibli, qumsal torpaqlarda azotun üçdə iki hissəsi bilavasitə əkin zamanı, üçdə bir hissəsi isə yumruların əmələ gəlməsinin əvvəlində verilməlidir. Lakin yadda saxlamaq lazımdır ki, yumruların formalaşması zamanı azotla gübrələnmə nəticəsində kartof yumrularının yetişmə müddəti xeyli uzana bilər. Kartofda ilk yumrular əmələ gəldikdə yerüstü yaşıl kütlədə azotun miqdarı nisbətən azalır. Kartof bitkisinin gübrələnməsi zamanı 1 kiloqram, yeni əmələ gəlmiş kütlədə nitratın miqdarı 10 milliqramdan 250 milliqrama qədər arta bilər. Lakin bitkiyə azotun normadan artıq verilməsi yumrularda nitratın miqdarını xeyli artırır. Xüsusilə, suvarılmayan sahələrə normadan artıq azot gübrəsi verdikdə yumrularda daha çox nitrat birləşmələri toplanır. Belə ki 1 kiloqram kartof yumrusunun tərkibində 250 milliqramdan artıq nitrat birləşməsi toplanarsa, bu, ərzaq üçün yararsız sayılır və onun satışına icazə verilmir.
Kartof yumrularında nitrat birləşmələrinin miqdarı torpaq-iqlim şəraitindən, becərmə üsullarından da asılı olaraq dəyişilir.