4. Kartof bitkisinin gübrələnməsi. Bitki mühafizəsi tədbirləri
Gübrə bitkiləri qida maddələri ilə təmin etmək üçün torpağa bəzən isə yarpağa verilən uzvi və mineral maddələrdir. Gübrələr bitkini asan mənimsəyə biləcəyi formada qida maddələri ilə təmin edir. Bununla yanaşı, gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır və bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri torpağa qaytarılır və bununla da torpağın məhsuldarlığı bərpa olunur. Kənd təsərrüfatında, yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri vacib yerlərdən birini tutur. Üzvi və mineral gübrələrin tətbiqi, bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır, həmçinin, torpağın strukturuna təsir etməklə torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun münbitliyinin artmasında aktiv iştirak edir.
4.1. Qida maddələrinə tələbat
Kartof gübrəyə tələbkar bitkidir. Torpağın qida maddələri ilə təmin olunma dərəcəsindən, becərildiyi şəraitdən, istehlak təyinatından (ərzaq, toxum, yem, nişasta, spirt və s.) asılı olaraq kartof bitkisinə üzvi və mineral gübrələr verilir. Üzvi və mineral gübrə verməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün, əsasən, mineral gübrələrdən istifadə etmək lazım gəlir (Şəkil 4.1). Yerli şəraitdən asılı olaraq, adətən, azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
Bir ton kartof yumruları torpaqdan təxminən 5-6 kiloqram azot, 8-10 kiloqram kalium, 1,5-2,0 kiloqram fosfor çıxarır.
Kartof bitkisi qida elementlərindən ən çox azota və kaliuma tələbkardır.
Tələb olunan azotun 75 faizi, kalium və maqneziumun 60 faizi, fosforun isə 50 faizi bitkinin çiçəklənmə fazasında mənimsənilir.