Odur ki, kəsilmiş kartof yumruları əkinə qədər saxlanılmamalıdır.
Kəsilmiş kartof yumrularından, əsasən, ərzaq məqsədi ilə nəzərdə tutulmuş kartof əkinlərində istifadə olunur.
Onu da nəzərə almaq lazımdır ki, iki hissəyə bölünmüş yumrunun hər birinin çəkisi 30-40 qramdan az olmamalıdır (Şəkil 3.25).
Yumruların kəsilmiş hissələrində suberin qoruyucu təbəqəsi əmələ gəlir.
Yumruların əkinqabağı kəsilməsi hava şəraitindən asılıdır.
Əgər torpaqda əlverişli nəmlik və temperatur şəraiti (müsbət 10-180C) yaranarsa, əkindən əvvəl yumrular kəsilir və dərhal torpağa basdırılır.
Əkindən sonra kəsilmiş yumruların bərpası prosesi torpaqda gedir.
Qeyri-əlverişli hava şəraitində (həddən artıq nəmli və yaxud quru torpaqda) yumrular əkinə 5-8 gün qalmış kəsilərək hissələrə bölünür.
3.3.4. Kartof bitkisinin əkininin aparılması
Adətən, kartofu bioloji xüsusiyyətlərindən asılı olaraq torpaqda 7-80C istilik olduqda əkirlər, cücərtilər isə son yaz şaxtaları keçdikdən sonra çıxır.
Azərbaycanın aran rayonlarında faraş kartofu fevralın 20-dən martın axırına qədər əkirlər. Bu qədər uzun əkin müddəti olmasına baxmayaraq, cücərtilər torpağın səthinə 8-10 apreldən çıxmağa başlayır. Bununla belə 16-17 apreldə baş verən 0,2-0,50C son yaz şaxtaları cücərtiləri və cavan bitkilərin yerüstü hissəsini məhv edir. Ona görə faktiki olaraq açıq sahədə əkilmiş kartofun vegetasiyası 19-20 apreldən başlayır. Hesablamalar göstərir ki, hər gün əkinlərin gecikdirilməsi (optimal müddətdən sonra) məhsuldarlığı hektardan 3-5 sentnerə qədər aşağı salır. Erkən əkinlərdə yetişdirilmiş yumrularda möhkəm örtük toxumaları əmələ gəldiyinə görə onlar az zədələnir və yığım zamanı yaxşı yüklənir. Adətən, tezyetişən sortlar erkən, sonra toxumluqlar və nəhayət gecyetişənlər əkilir. Əkinin fevraldan və martın əvvəlindən başlanması böyük əkin sahələrini əkməyə vaxt qazanmaq üçün əhəmiyyətlidir.
Əkinlərin gecikdirilməsi məhsulun azalmasına və keyfiyyətinin pisləşməsinə səbəb olur.
Azərbaycanda kartofun yay əkinləri də böyük əhəmiyyət kəsb edir. Yay əkinləri taxıl, bostan və dənli-paxlalı bitkilər yığıldıqdan sonra iyulun 20-dən avqustun 10-a qədər keçirilir. Yay əkini vahid sahədən 2 məhsul götürülməsini təmin etməklə günəş enerjisindən, torpaq, su, kənd təsərrüfatı maşınları, işçi qüvvəsindən daha səmərəli istifadə edilməsinə şərait yaradır. Yay əkinlərində yumrular xəstəliklərə daha az tutulur. Yay əkinlərindən götürülmüş toxumluq materiallardan daha güclü bitkilər alınır və onlar məhsuldar olur. Yay əkinlərində yumrular torpağın daha dərin qatına (12-15 santimetr) basdırılmalıdır ki, nəmliklə yaxşı təmin edilsin.
Əkinə 12-20 gün qalmış torpaq quruyubsa, sahə suvarılmalı, bir neçə gündən sonra 15-16 santimetr dərinlikdə kultivatorla yumşaldılmalı və malalanmalıdır.
Respublikamızın iqlim şəraiti kartof əkinlərini noyabr-dekabr aylarında aparmaq üçün əlverişlidir. Yumrular torpaqda qalaraq erkən yazda cücərti verir və faraş məhsul götürülməsini təmin edir. Kartof məhsulu mayın axırı, iyunun əvvəllərində yığıldıqdan sonra ikinci məhsul götürmək üçün tarlaya qarğıdalı, günəbaxan, sorqo, çuğundur, kələm, lobya və s. bitkilər əkmək olar.