3.3.2. Yumruların əkinqabağı zərərsizləşdirilməsi
Əkinqabağı yumruların zərərsizləşdirilməsində məqsəd toxumla birlikdə xəstəlik və zərərvericilərin sahəyə yoluxmasının qarşısını almaqdır.
Funqisidlərlə dərmanlama, əsasən, kartof yumruları və torpaqla yayılan göbələklərə qarşı tətbiq edilir (Şəkil 3.19, Şəkil 3.20, Şəkil 3.21, Şəkil 3.22, Şəkil 3.23, Şəkil 3.24).
Kartof toxumlarını funqisidlə zərərsizləşdirdikdə ilkin cücərtilərin xəstəliklərlə sirayətlənməsi 60 faizə qədər aşağı düşür və nəticədə məhsuldarlıq 10-20 faiz artır.
Toxumun dərmanlanması bilavasitə əkindən əvvəl və yaxud əkin vaxtı aparılır.
Yaş üsul ilə dərmanlama payızda yumruların çeşidlənməsi zamanı və yaxud yazda əkindən əvvəl aparılır.
Yaş çiləməyə nisbətən quru dərmanlama (tozlama) zamanı toxumun bütün hissələrini əhatə etmək mümkün olmur və onun bioloji səmərəliliyi bir qədər az olur.
Yaş üsul ilə toxumları dərmanladıqda isə hazırlanmış işçi məhlul əkin materialının, əsasən, bütün hissələrini əhatə etdiyi üçün preparatın təsir dairəsi xeyli artır və daha səmərəli nəticə əldə etmək olur.
Ən səmərəli dərmanlama üsulu toxum basdırılan zaman bilavasitə tarlada səpin aqreqatlarında bu əməliyyatın aparılmasıdır.
Toxumluq kartof yumrularının əkinqabağı dərmanlanmasında istifadə olunan funqisidlərin siyahısı aşağıdakı cədvəldə verilir (Cədvəl 3.4).