3.1.1.15. Kondor
Hollandiyada yaradılmışdır. Sort orta yetişəndir, məhsuldarlığı çox yüksəkdir, ərzaqlıqdır, yumrusu uzunsov-ovaldır, iridir, ətli hissəsinin rəngi açıq-sarıdır, qabığı qırmızıdır. Yarpaq bükülməsinə, dəmgilə, fitoftoroza davamlılığı yaxşıdır. Nemotoda davamsızdır (Şəkil 3.15).
3.2. Hektar üçün toxuma çəkilən xərclər
Əkin norması planlaşdırılan məhsuldarlıqdan asılıdır. Suvarılan aran rayonlarında hektardan 30-40 ton məhsul götürülür. Bu halda hektara 2-3 ton kartof yumrusu əkilir (50-70 qramlıq yumrulardan 41 min ədəd). Münbit qara torpaqlarda suvarılan şəraitdə 50-60 ton/hektar məhsul alınır. Bu halda əkin materialından istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Hektarda gövdələrin sayı yumrunun iriliyindən və qida sahəsindən asılıdır. Yaxşı olar ki, hər hektarda 200-230 min gövdə olması təmin olunsun. Əkin norması bilavasitə yumrunun iriliyindən və əkin sxemindən asılıdır. Hektara 4-5 ton kartof yumrusu əkilir (80-100 qramlıq).
Kartofun ümumi məhsuldarlığı əsas gövdənin və yerüstü kütlənin miqdarından asılı olaraq dəyişilir.
Ərzaqlıq kartof sortlarının 1 hektarında normal şəraitdə 160-180 min, toxumluqlarında isə 185-240 min ədəd əsas gövdə olmalıdır.
Orta ölçülü yumrularla əkin keçirdikdə bitkinin qida sahəsi 0,14-0,28 kvadrat metr təşkil edir.
Ərzaq üçün nəzərdə tutulan sahələrdən bir hektarda olan bitkilərin sayı 38-50 min ədəd, toxumluqlarda isə sortdan asılı olaraq 42-60 min ədəd olmalıdır.
35-45 milli metr ölçüdə normal cücərdilmiş kartof toxumları ilə əkin keçirdikdə bitki üzərində ən azı 5 ədəd gövdə əmələ gəlməlidir.
Bu hesabla hər kvadrat metr sahəyə 4 ədəd toxum basdırılmalıdır.
Cərgəarası 75 santimetr, cərgədə bitki arası 33 santimetr olduğu halda isə yumruların iriliyindən asılı olaraq hər hektara 2000-2500 kiloqram toxum sərf olunur.
Əgər 28-45 millimetr ölçüdə kartof yumruları ilə əkin keçirmək nəzərdə tutularsa, bu zaman hər kvadrat metrə 30, toxumluq məqsədilə əkin keçirdikdə isə 45 ədəd əsas gövdə əmələ gəlir.
Nisbətən iri kartof yumruları (45-55 millimetr) ilə əkin keçirdikdə, adətən, hər bitkidə 6 gövdə əmələ gəlir.
Bu qayda ilə əkin keçirdikdə cərgəarası 75 santimetr, cərgədə bitki arası 20-25 santimetr götürülür.
Bu üsuldan, əsasən, toxumluq kartof istehsal etmək məqsədi üçün keçirilən əkinlərdə istifadə olunur və hektara 4-5 ton əkin materialı tələb olunur.
Əkin materialının kütləsindən və cərgədə yumrular arasındakı məsafədən asılı olaraq kartofun məhsuldarlığı dəyişilir (Cədvəl 3.1).