3.1.1.11. Arkula
Almaniyada yaradılmışdır. Sort faraşdır, yumruları iri, oval formadadır. Gözcükləri kiçikdir. Qabığının rəngi sarıdır, ətli hissəsi açıq-sarıdır. Dadı yaxşıdır. Xərçəngə davamlıdır. Yarpaq bükülmə virusuna az tutulur, fitoftoroza və digər xəstəliklərə nisbətən davamlıdır. Məhsuldarlığı yüksəkdir (450-500 sentner/hektar) (Şəkil 3.12).
3.1.1.12. Adretta
Almaniyada yaradılmışdır. Sort orta yetişəndir. Yüksək məhsuldardır (500-600 sentner/hektar). Kolu hündürdür, yarpaqları iridir, çiçəkləməsi zəifdir. Çiçəyi və yumruları sarıdır, oval formalıdır, çəkisi 102-154 qramdır. Xərçəngə və virusa davamlıdır (Şəkil 3.13).
3.1.1.13. Likariya
Almaniyada yaradılmışdır. Sort orta yetişəndir, dəyirmi-oval formadadır. Yumruları orta və iri olur. Gözcükləri kiçikdir. Qabığı sarıdır. Ətli hissəsi açıq-sarı, sarı rəngə çalır. Dad keyfiyyəti çox yaxşıdır. Kolu hündürdür.
3.1.1.14. İmpala
Hollandiyada yaradılmışdır. Sortun gövdəsi möhkəmdir. Virus xəstəliklərinə orta dərəcədə davamlıdır. Fitoftoroza, rizoktonioza, qara ayağa orta və zəif dərəcədə tutulur. Məhsuldarlığı çox yüksəkdir, dad keyfiyyəti və əmtəəlik görkəmi yaxşıdır. Tezyetişəndir. Yumrusunun qabığı və ətli hissəsi sarıdır, orta irilikdədir. Uzun-oval formalıdır, əla dad keyfiyyətinə malikdir. Nematoda, dəmgilə, fitoftoroza, yarpaq bükülməsinə davamlılığı orta və yaxşıdır. Təkrar əkin üçün də tövsiyə olunur (Şəkil 3.14).