3.1.1.4. Nevski
Rusiya Federasiyası Şimali-Qərb Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmışdır. Sort orta faraşdır, ərzaqlıqdır, yaxşı dad keyfiyyətinə malikdir (3,0-4,1 bal), məhsuldarlığı yüksəkdir (350-500 sentner/hektar), kolu qısadır, dikdurandır, yığcamdır, gövdəsi yaşıldır. Yarpaqları açıq-yaşıldır. Çox çiçəklənəndir. Çiçəkləmə müddəti qısadır, rəngi ağdır, yumrusu dəyirmi və ovaldır, qabığı möhkəmdir, gözcükləri azdır, kiçikdir, çəhrayı rənglidir, çəkisi 86-133 qramdır, ətli hissəsinin tərkibində nişastanın miqdarı 10,7-14,8 faizdir. Xərçəng xəstəliyinə davamlıdır, fitoftoroza qarşı davamlılığı orta dərəcədən yuxarıdır. Azərbaycan şəraitində rayonlaşdırılmışdır (Şəkil 3.3).
3.1.1.5. Laymdota
Latviya Priyekul Təcrübə stansiyasında əldə edilmişdir. Sort orta faraşdır. Dad keyfiyyəti yaxşıdır. Məhsuldarlığı yüksəkdir. Kolu hündürdür, gövdəsi orta qalınlıqdadır. Yarpaqları iridir, tünd-yaşıl rəngdədir. Çoxlu miqdarda çiçək açır, çiçək açma müddəti uzundur, çiçək tacı ağdır. Yumrusu ağdır, iridir, uzun oval formadadır, qabığı bərkdir, gözcükləri kiçikdir və az gözcük verir. Ətli hissəsi ağdır, çəkisi 110-140 qramdır. Tərkibində nişastanın miqdarı 15 faizə qədərdir. Cücərtilərinin rəngi qırmızı-bənövşəyidir. Bişirilmə zamanı bütövlüyünü saxlayır və dağılmır.
3.1.1.6. Sevinc
Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda yaradılmışdır. Sort orta yetişəndir, yumruları çəhrayı rəngdədir, uzunsov və iridir. Kolu hündürdür, yarpaqları iridir, tünd-yaşıldır, çox tüklüdür, çiçəkləməsi zəifdir, çoxçiçəklidir, çiçəkləri qırmızı-göy-bənövşəyi rəngdədir. Yumruların rəngi çəhrayıdır, qabığı hamardır. Fitoftoroza və zərərvericilərə qarşı davamlıdır. Azərbaycan şəraitində rayonlaşdırılmışdır (Şəkil 3.7).
3.1.1.7. Əmiri-600
Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda yaradılmışdır. Sort orta yetişəndir. Yumruları uzunsov və ağ rəngdədir. Uzun müddət saxlanmaya davamlıdır. Fitoftoroz xəstəliyinə nisbətən davamlı, xərçəng xəstəliyinə isə davamlıdır. Azərbaycan şəraitində rayonlaşdırılmışdır (Şəkil 3.8).