3. Toxumun əkinə hazırlanması
Kartof əkinlərində sağlam, hamar və məhsuldar yumrulardan istifadə olunması intensiv texnologiyada kartof istehsalını artırmağın vacib şərtlərindəndir. Əkin materialı kimi toxumluq sort DST-a (dövlət standartına) cavab verərək yumrular bütün, sağlam, quru, təmiz və tipik olmalıdır (Şəkil 3.1) Əkin materialları birinci sinif, qara ayaq, halqavarı çürümə və gövdə nematodu ilə yoluxmamalıdır. Belə əkin materiallarını, yəni yüksək məhsul vermək potensialına malik olan toxumları təsərrüfatın daxilində təşkil etmək olar. Yumruların əkinə hazırlanması, əsasən, sortlaşdırma, çeşidləmə, havalandırıb qızdırmaq, cücərtmək, dərmanlamaq, makro və mikroelementlərlə işləmək, boy tənzimləyicilərlə (nizamlayıcı) işləmək və sairdən ibarətdir. Yumruların sortlaşdırılması çeşidləmə məntəqələrində aparılır. 50-80 qram kütləsi olan yumrulardan əkin materialı kimi istifadə olunması bioloji və iqtisadi cəhətdən daha çox məqsədəuyğun sayılır.
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yumruların bölünməsi (Şəkil 3.2), gözlərin üstündən kəsik açma, qızdırma, quru cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial gübrələrlə işlənməsi və sairdir.
3.1. Kartof sortunun seçilməsi
Kartof əkini keçirilən bölgələrin torpaq-iqlim şəraitindən, əkin müddətindən, məhsulun təyinatından asılı olaraq sortların düzgün seçilməsi kartof yetişdirilməsində ən həlledici amillərdən biri hesab olunur.
Hazırda dünyanın seleksiyaçı alimləri tərəfindən geniş çeşiddə, yüksək məhsuldar, xəstəlik və zərərvericilərə, sərt iqlim şəraitinə davamlı, mexanikləşdirilmiş yığım üçün əlverişli, əla keyfiyyət göstəricilərinə malik olan kartof sortları yaradılmışdır.