Əgər payızda torpaq yaxşı şum edilməzsə, əlverişli şərait yaranan zaman yeni əmələ gələn alaq otlarının cücərtiləri torpaqda olan qida maddələrini mənimsəyir və nəticədə həmin sahədən nəzərdə tutulduğundan xeyli az kartof məhsulu alınır.
Torpağın 6-7 santimetr dərinlikdə yumşaldılması müxtəlif növ torpaq yumşaldan aqreqatlarla yerinə yetirilir.
Alaqlama dərəcəsindən və torpağın tipindən asılı olaraq sahə bəzən 10-15 santimetr dərinlikdə yumşaldılır, fosfor, kalium gübrələri və peyin verilir. Bu zaman kultivatorla və ziqzaq mala ilə torpaq təkrarən yumşaldılır.
Bu əməliyyat nəticəsində torpaqda alaq otlarının və digər mədəni bitkilərin (taxıl, yem və sair) toxumları cücərməyə başlayır.
Əkinqabağı təkrar şum qaldırıldıqda isə qalmış alaq otları bir daha məhv edilərək sahə təmiz vəziyyətə gətirilir.
Yazda şumun dərinliyi torpağın xüsusiyyətindən asılı olaraq təyin edilir. Hümusla və qida maddələri ilə zəif təmin olunmuş torpaqlarda dərin şum aparılır ki, əkin qatı torpağın 20-25 santimetr dərinliyinə düşsün.
Bir qayda olaraq torpağın hazırlanması dünyanın bir çox ölkələrində eyni üsullarla həyata keçirilir. Qərbi və Mərkəzi Avropada tətbiq edilən üsulu buna misal göstərmək olar. Bu üsul, əsasən, torpağın şumlanmasından, şum altına üzvi, mineral gübrə verilməsindən və torpağın yumşaldılmasından ibarətdir.
Bu əməliyyatları müasir kartofbecərən aqreqatların bir gedişi müddətində də yerinə yetirmək mümkündür.
Xüsusilə, Holland texnologiyasında torpağın hazırlanmasından yığıma qədər aparılan bütün əməliyyatlar müasir maşın və mexanizmlərlə həyata keçirilir.
1998-ci ildən başlayaraq Holland texnologiyası tətbiq edilməklə Azərbaycanda kartofun müasir texnologiya əsasında becərilməsinə başlanmışdır.
Bu üsulun tətbiqi nəticəsində hər hektar kartof sahəsindən 300-400 sentner və daha çox məhsul əldə etmək olur və bu da mövcud göstəricilərdən 3-4 dəfə çoxdur.
Ümumiyyətlə, şumlama, hamarlama, malalama, diskiləmə işlərini apararkən çalışmaq lazımdır ki, torpağın əkin qatı daima yumşaq qalsın.
Belə ki ağır torpaqlarda sıxlıq 1,25 qram/santimetr, nisbətən yüngül torpaqlarda isə 1,10 qram/santimetr olmalıdır.
Odur ki, yazqabağı torpağı yumşaq və nəmli vəziyyətdə (75 faiz) hazırlamaq tövsiyə edilir.
Bununla yanaşı, sahədə aqreqat və maşınların hərəkəti də maksimum dərəcədə məhdudlaşdırılmalıdır.
Ona görə də kartof əkini üçün ayrılmış sahələr bölünərək bir hissəsi kartofun becərilməsi, digər hissəsi isə aqreqatların hərəkəti üçün saxlanılır.
Yazda son şaxtalar davam edən zaman və torpaq quru vəziyyətdə olduqda 20-25 santimetr dərinliyində şum aparılır.
Əkin qabağı isə torpaq bir daha yumşaldılır və şırımlar açılır.
Sonrakı əməliyyatlar əkinlə birlikdə və vegetasiya müddətində davam etdirilir.
Torpağı kartof əkini üçün hazırlayarkən çalışmaq lazımdır ki, texnoloji proseslər minimuma endirilsin.