2.5.1. Torpağın payızda hazırlanması
Əgər kartof əkini üçün nəzərdə tutulan torpaqda payızlıq taxıl və cərgəarası becərilən digər bitkilər əkilibsə, ilk növbədə, məhsul yığıldıqdan sonra bu sahə bitki qalıqlarından, daş qırıntılarından, kol-kosdan, digər tullantılardan təmizlənməlidir.
Ardınca torpaq şumlanaraq əkinə yararlı vəziyyətə gətirilməlidir (Şəkil 2.16).
Yüksək məhsul almaq və torpağın münbitliyini yaxşılaşdırmaq məqsədilə payızda əsas şum altına üzvi və mineral gübrələr də verilməlidir.
Biçilmiş bitki qalıqları xırdalanmalı və torpağın 5-10 santimetr dərinliyində qarışdırılmalıdır ki, yaz fəslinə qədər tədricən çürüyüb torpağın münbitliyini artırsın.
Bütün bu işləri yerinə yetirərkən çalışmaq lazımdır ki, torpaq səthi hər yerdə eyni bərabərdə yumşalsın, hamar olsun, yazqabağı əkin vaxtı kartof yumrularından tam və normal çıxış əldə edilməsinə əlverişli şərait yaransın.
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da torpaq şəraitindən asılı olaraq payızda adi şum traktorları ilə sahə 25-32 santimetr dərinlikdə şumlanır (Şəkil 2.17).
Qida maddələri və hümusla zəif təmin olunmuş torpaqlarda şum qatı bir qayda olaraq 22-25, hümusla zəngin olan qara torpaqlarda isə 30-32 santimetr götürülür.
Torpaq səthinin daha hamar və eyni bərabərdə olması üçün sahə ağır mala ilə malalanır (Şəkil 2.18).
Torpağın qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq şum altının hər hektarına 20-40 ton peyin, təsiredici maddə hesabı ilə 45-60 kiloqram fosfor, 60-90 kiloqram kalium gübrəsi verilməlidir.
Torpaq nə qədər ağır və gillicəli struktura malik olarsa, bu halda şumlamaya payızda daha erkən başlamaq lazımdır.