Bu dövrdə bitki istiliyə və oksigenə daha çox tələbkarlıq göstərir. Odur ki, isti yaz günləri kartof əkini üçün daha əlverişli sayılır və bu, normal çıxışın alınmasında olduqca vacibdir.
Kartof yumrularının formalaşması dövrünədək bitkinin suya tələbatı nisbətən az olur. Lakin çiçəkləmə fazasından başlayaraq bitkinin suvarmaya və nəmliyə tələbatı artır. Vegetasiyanın sonunda isə kartofun suya tələbatı yenidən azalır. Bu dövrdə nəmliyin çoxalması nəticəsində kökyumruların çəkisi artsa da, quru maddənin miqdarı azalır, kartof yumruları boşalır və keyfiyyət göstəriciləri aşağı düşür.
2.3. Kartofun yetişdirilməsində növbəli əkinin tətbiqi
Kartof yetişdirilməsində elmi cəhətdən əsaslandırılmış növbəli əkinin tətbiqi olduqca vacib və həlledici amillərdən biri sayılır.
Kartof eyni yerdə 4 ildən çox əkildikdə bilavasitə kartof üçün təhlükəli olan bir sıra zərərvericilərin sayı (kolorado böcəyi, nematod) torpaqda küllü miqdarda artır və xəstəliklərə daha tez tutulur (Şəkil 2.12, Şəkil 2.13).
Onu da nəzərə almaq lazımdır ki, kartofun özü də bir çox kənd təsərrüfatı bitkiləri üçün əlverişli sələf sayılır.
Aqrotexniki qaydalar əsasında qulluq edilmiş kartof əkini sahələrində alaq otlarının miqdarı azalır, torpağın strukturu, su, hava rejimi yaxşılaşır, torpaq dənəvərləşir, hamar vəziyyətə düşür, üzvi, qeyri-üzvi birləşmələrlə zənginləşir.
Kartof əkilən torpağın bitki qalıqlarının hər hektarında orta hesabla 2,1-4 sentner quru kütlə və bir sıra elementlər toplanır.
Kartof ərzaq məqsədi ilə əkildikdə öz əvvəlki yerinə ən azı 3 ildən, toxumluq üçün isə 4 ildən sonra qaytarılmalıdır.
Əks halda, bitki eyni sahədə fasiləsiz bir neçə il əkildikdə torpaq nematodlarla (Şəkil 2.14), digər xəstəlik-zərərvericilərin törədiciləri ilə daha çox sirayətlənir və nəticədə bu sahə kartof əkini üçün yararsız vəziyyətə düşür.
Azərbaycanda kartofun ən yaxşı sələfləri dənli paxlalılar, birillik-çoxillik otlar, vələmir, silosluq qarğıdalı, günəbaxan və s. bitkilər hesab edilir.