2.2. Kartofun iqlimə olan tələbatı
Kartof bitkisi üçün, əsasən, mülayim, soyuq və havanın nisbi rütubəti yüksək olan iqlim şəraiti daha əlverişli sayılır.
Dağlıq və dağətəyi bölgələr kartofun yetişdirilməsi üçün xüsusilə əlverişlidir.
Bitkinin yerüstü kütləsi torpağın temperaturu -1,5, -1,70C, kökyumruları isə -1, -20C olduqda donmaya məruz qalır.
Yaz aylarında havanın temperaturu -20C-dən aşağı düşdükdə kartofun yerüstü hissəsi məhv olur və əlverişli temperatur şəraiti yarandıqda bitki yenidən inkişafa başlayır.
Lakin bu zaman bitkinin boy və inkişafı zəifləyərək məhsuldarlığı xeyli aşağı düşür.
Torpağın 10-12 santimetr dərinliyində temperatur 6-8 dərəcə olarsa və havanın temperaturu 8 dərəcədən yuxarı qalxarsa, kartof əkininə başlamaq olar.
Kartof yumruları adi halda torpağın temperaturu 80C olduqda cücərməyə başlayır. Lakin cücərdilmiş vəziyyətdə kartof yumruları 4-60C temperaturda da inkişaf edə bilir.
Kartof bitkisinin normal inkişaf etməsi və kökyumrularının əmələ gəlməsi üçün torpağın optimal temperaturu gündüzlər 17-200C, gecələr isə 12-140C olmalıdır.
Havanın hərarəti 29-300C-ə çatdıqda kartof yumrularının əmələ gəlmə prosesi dayanır, yumrular tədricən boşalır, daxili hissəsi qaralır və eybəcər formaya düşərək öz əmtəəlik keyfiyyətini itirir.
Kartof bitkisində assimilyasiya prosesinin normal getməsi üçün havanın orta gündəlik temperaturu 200C-ə yaxın (gündüzlər 250C, gecələr 160C) olmalıdır.
Temperaturun 300C-dən yuxarı qalxması isə kartof bitkisinin inkişafına mənfi təsir göstərir və məhsuldarlığı aşağı salır.
Kartof yumrularının cücərməsi üçün tələb olunan ümumi temperaturun cəmi faraş kartof sortlarında 1000-14000C, gecyetişən sortlarında isə 1400-20000C-dir.
Kartof bitkisi, adətən, digər bitkilərlə müqayisədə nəmlik şəraitinə orta dərəcədə tələbkarlıq göstərir. Lakin o, temperatur və nəmliyin dəyişməsinə olduqca həssasdır.
Bu baxımdan kartofun suya olan tələbatının təmin edilməsi yüksək məhsul alınmasında əsas amillərdən biri hesab edilir. Belə ki yumrular əmələ gələn dövrdə kartof bitkisi gün ərzində torpaqda olan nəmlik ehtiyatından 5-6 millimetr miqdarda su mənimsəyir.
Kartof bitkisi, həmçinin, uzun sürən quraqlığa da davamlıdır. Lakin nəmliyin torpaqda 50 faizdən aşağı düşməsi bitkinin boy və inkişafını zəiflədir və nəticədə məhsuldarlığın azalmasına səbəb olur.
Belə ki 1 kiloqram quru maddənin əmələ gəlməsi üçün kartof bitkisi 550 litr su qəbul etməlidir. Bu tələbat arpa və buğdada 450 litr, lobyada 650 litr, yonca və digər bitkilərdə isə 700 litrdir.
Hektardan 100 sentner quru maddə və yaxud 500 sentner əmtəəlik kartof məhsulu almaq üçün bitkiyə vegetasiya müddətində 3 min ton su və yaxud 300-400 millimetr atmosfer çöküntüsü lazımdır.
Yetişdirildiyi bölgənin torpaq-iqlim şəraitindən, bitkinin sort xüsusiyyətindən və istehsal təyinatından asılı olaraq vegetasiya müddətində kartof bitkisinin bir hektarının suvarma norması 800-dən 5000 kub metrədək dəyişilir.