2.1. Kartofun torpaq şəraitinə olan tələbatı
Kartof digər mədəni bitkilərlə müqayisədə torpaq şəraitinə nisbətən az tələbkarlıq nümayiş etdirir və müasir texnoloji becərmə üsulları tətbiq olunduqda bütün torpaq tiplərində yetişdirilir.
Ancaq nəzərə alınmalıdır ki, yüngül mexaniki tərkibli, normal havalanan, qumsal, hümusla zəngin, qara və meşə altından çıxmış torpaqlarda kartof bitkisi daha intensiv inkişaf edir, yumrular tez böyüyür, nəticədə məhsuldarlıq artır (Şəkil 2.11).
Ağır, gilli, gillicəli və zəif havalanan torpaqlarda kartofun məhsuldarlığı, adətən, aşağı olur.
Azərbaycanda aparılmış tədqiqatlar göstərir ki, kartof bitkisi ağır torpaqlarda yüngül torpaqlara nisbətən 5-6 gün gec çıxış verir.
Ümumiyyətlə, bitkinin normal inkişafı üçün torpağın optimal PH-i 5,5-6,0 olması daha münasibdir.
Turşuluğun normadan artıq olması məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur.
Ağır gilli və gillicəli torpaqlarda hər hektara 30-40 ton peyin verməklə, həmçinin, müasir becərmə texnologiyası tətbiq etməklə kartofun məhsuldarlığını artırmaqla yanaşı, torpağın münbitliyini də yaxşılaşdırmaq olar.
Bu tədbirin həyata keçirilməsi kartofdan sonra əkilən digər mədəni bitkilərdən də növbəti il yüksək məhsul əldə olunmasına zəmin yaradır.
Daşlı və çınqıllı torpaqlarda, adətən, kartof əkinlərindən normal məhsuldarlıq əldə etmək mümkündür. Lakin texnikanın və mexanizasiyanın tətbiqi bu torpaqlarda çətinləşir.
Bu zaman əl əməyindən daha çox istifadə olunduğu və xərclər artdığı üçün bu torpaqlarda əkilən məhsulun maya dəyəri artır.