2. Kartof bitkisinin xüsusiyyətləri və ətraf mühit amillərinə münasibəti
Kartof quşüzümü fəsiləsinin (Solanaceae) Solanum tuberosum növünə mənsub çoxillik tağlı bitkidir (Şəkil 2.1). Öz inkişafı dövründə güclü yerüstü və yeraltı kütlə əmələ gətirir. Bitkinin ümumi yerüstü hissəsi, əsasən, 40-120 santimetrə (Şəkil 2.2), yeraltı hissəsi isə 80-100 santimetrə (Şəkil 2.3) çatır.
Vegetasiya müddəti yumruların cücərməsindən əmtəəlik məhsulun əmələ gəlməsinədək olan dövr hesab edilir. Vegetasiya müddəti kartof bitkisinin sort xüsusiyyətindən, becərilmə üsulundan, torpaq-iqlim şəraitindən asılı olaraq 50 gündən 120 günədək davam edir.
Belə ki faraş sortların vegetasiya dövrü 50-60 gün, orta faraş 60-80 gün, orta yetişən 80-100 gün, orta gecyetişən 100-120 gün, gecyetişən sortlarda isə 120 gün və daha çox olur.
Rütubətli və suvarılan torpaqlarda yetişdirilən kartof sortları, adətən, zəif kök sistemi əmələ gətirərək torpağın nisbətən üst qatında yerləşir və su çatışmazlığından ciddi zərər çəkir.
Gecyetişən kartof sortları faraş sortlara nisbətən daha güclü kök sistemi əmələ gətirir və torpağın dərinliyinə işlədiyi üçün quraqlığa bir qədər davamlı olur.
Normal şəkildə kartof yumrularının cücərməsindən ən çoxu 9 gün, çıxışına 15 gün, yarpaq və gövdənin əmələ gəlməsinə 39 gün, cərgələrin sıxlaşmasına 49 gün, qönçələməsinə 50 gün, çiçəkləməsinə 69 gün, yumruların əmələ gəlməsinə 79 gün, yarpaqların saralmasına və yetişkənliyə isə 89 gün vaxt sərf olunur.
Qeyd olunan müddətlər bitkinin sort xüsusiyyətindən və ilin iqlim şəraitindən asılı olaraq dəyişə bilər.
Bitki üzərində 14-19 yarpaq əmələ gəldikdə qönçələmə və çiçəkləmə fazası başlayır.
Yarpaqlama prosesi vegetasiyanın sonunadək davam edir.