Beşinci dövr - bitkilərin təbii saralmasının başlanğıcından kolların tam qurumasına kimi, yaxud yumruların yetişkənliyinə kimi olan dövrdür. Alt yarpaqlardan sonra orta, daha sonra üst yarpaqlar saralır və gövdə ilə birlikdə quruyur. Kartofun qabığı bərkiyir, tərkibindəki maddələrin toplanması və yetişkənlik başa çatır. Digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, kartof bitkisinin sənayedə, heyvandarlığın inkişaf etdirilməsində yem kimi və həm də qida kimi müxtəlif yeməklərin hazırlanmasında istifadə olunması kartof bitkisinin əkin sahələrinin daha genişlənməsinə səbəb olmuşdur. Hazırda respublikamızın bütün regionlarında kartof bitkisi əkilib becərilir. Dünyada kartofun yüzlərcə məhsuldar və xəstəliyə davamlı sortları əldə olunmuşdur. Hazırda dünyada ən çox kartof istehsal edən Rusiya Federasiyası, Ukrayna, Belarusiya, Polşa və Çin ölkələridir (Diaqram 1.1).
Azərbaycanda əhalinin qidalanmasına görə kartof ən çox istifadə olunan ərzaq növlərindən hesab olunur. Respublikamızın əhalisinin kartofa olan tələbatını nəzərə alıb onun əkin sahələrini genişləndirmək lazımdır. Kartofu Azərbaycanın bütün iqlim zonalarında əkib becərmək olar.
Sərbəst iş üçün tapşırıqlar