Vegetasiya dövrünü davam etdirən yarpaqlarda 78-85 faiz su və 15-22 faiz quru maddələr toplanır, cavan yarpaqlarda quru maddə yaşlı yarpaqlara nisbətən 1,5-2 dəfə azdır. Yarpağın quru maddəsi, əsasən, karbohidratlardan (9-15 faiz) ibarətdir. Bundan başqa, yarpaqda 2 faizə qədər sellüloz, o qədər də azotlu maddələr toplanır.
Kökümeyvə (Şəkil 9.49) şəkər çuğundurunun əsas orqanıdır və bitki bu meyvəyə görə becərilir. Bioloji yetişkənliyi başa çatmış kökümeyvədə 75-80 faiz su, 20-25 faiz quru maddə olur. Quru maddənin isə əsas hissəsini şəkər təşkil edir. Yetişdirilmə şəraitindən, yığım müddəti və sort xüsusiyyətlərindən asılı olaraq şəkər 15-20 faiz arasında dəyişir. Şəkərdən başqa, quru maddənin tərkibinə kökümeyvənin ümumi kütləsinə 4-5 faiz sellüloz, 1-2 faiz zülal, 1 faizə yaxın kül maddələri düşür (Cədvə 9.2).
Maddələr | Yarpaqlarda | Köklərdə |
Su | 78-85 | 75-80 |
Quru maddə | 15-22 | 20-25 |
Azotsuz maddə- saxaroza |
0,5-1,5 | 16-20 |
Azotsuz ekstraktiv maddə |
9-15 | 1,5-2,0 |
Sellüloz | 1,99 | 3-5 |
Azotlu maddələr | 2,0 | 1-2 |
Kül | 1,3-2,7 | 0,5-0,8 |
Cədvəl 9.2. Şəkər çuğundurunda kök və yarpaqların kimyəvi tərkibi (faizlə).
Şəkər və digər maddələrin kökümeyvənin müxtəlif hissələri üzrə paylanması qeyri-bərabərdir. Şəkərin ən çox toplandığı nahiyə kökün orta hissəsi - yəni kök boğazcığının əsl kökə keçdiyi hissədir. Burada kökümeyvə kütləsinə nisbətən şəkər toplanışı 19-20 faizə çatır. Kök başcığında və quyruq hissəsində ümumi kütləyə nisbətdə şəkər toplanışı 13-15 faiz təşkil edir.
Becərmə şəraiti və sortdan asılı olaraq kökümeyvənin quru maddəsinə düşən şəkər 70–76 faizə çatır. Kökümeyvənin ümumi kütləsinə görə faizlə pektin maddələrinin miqdarı 2-2,5 faizdən artıq deyildir. Şəkər çuğundurunun kökümeyvələrində üzvi turşular, azotlu və mineral maddələr, yağlar da vardır. Bunların ümumi miqdarı kökümeyvənin ümumi kütləsinə görə 26 faizdən artıq deyildir.