Şəkər çuğunduru yaşama fəaliyyətinin birinci ili kaliumu azotdan 1,5-2 dəfə, fosfordan isə 4-5 dəfə çox sərf edir. Çuğundurun torpaqda kaliumdan istifadəsi cücərmə fazasından məhsul yığımına kimi davam edir. Ancaq bu elementə nisbətən çox tələbat bitkinin cavan vaxtında, yəni üçüncü, dördüncü cüt yarpaqlar fazasında baş verir. Kaliuma tələbat yarpaq və kökümeyvənin intensiv artması ilə əlaqədardır.
Bundan başqa, kalium bitkinin soyuğa və xəstəliklərə davamlılığını artırır, yığılmış məhsulun keyfiyyətini xeyli yaxşılaşdırır. Əksinə torpaqda kalium çatışmadıqda yarpaq və kökümeyvənin boyverməsi zəifləyir, yarpaqlar solur, plastik qida maddələrinin axımı pozulur, bakteriya və göbələk xəstəliklərinə dözümlülük azalır.
Kalium gübrəsinin illik normasının 70 faizi payızda şum altına, qalan 30 faizi isə yemləmə kimi müvafiq inkişaf mərhələlərində verilir.
9.1.4. Mikroelementlər
Şəkər çuğunduru və növbəli əkinin digər bitkilərinin makroelementlərlə yaxşı-balanslanmış təmin edildiyi zəmində mikroelementlərə də tələbat artır. Əsasən, bor, mis, manqan, sink, maqnezium, molibden və sair elementləri olan mikrogübrələr çox tələb olunur. Bu elementlər karbohidrogenlər və zülal mübadiləsində fəal iştirak edir.
Mikroelementlərdən bor, molibden, manqan sink və maqneziumdan toxumu müdafiə edən və stimullaşdıran vasitə kimi də toxum materialının hazırlanmasında istifadə edilir. Bəzi torpaqlarda həmin elementlərə kəskin tələbat hiss edildiyi halda, onların əsas gübrələmədə, yemləmədə cərgələrə verilməsi tövsiyə olunur.