Alimlərin fikrincə kartof İspaniyadan İtaliyaya yayılmış və oradan da Avropanın başqa ölkələrinə yayılmışdır.
Kartof 1651-ci ildə Berlin Kralının bağında ilk dəfə təcrübə üçün yenilik kimi əkilmişdir. 1588-ci ildə kartof bitkisi İngiltərəyə, 1600-cü ildə isə Fransaya gəlib çıxmış və əkin sahələri genişlənməyə başlanılmışdır.
Rusiyaya kartof təxminən 1700-ci illərdə 1-ci Pyotrun vaxtında gətirilmişdir. Sonralar bu bitkini kəndçilər sevərək əkib becərməyə başladılar. İnsanlar ondan ərzaq kimi istifadə etməklə yanaşı, ondan nişasta və spirt hazırlamağa, çörək bişirməyə və heyvanları yemləməyə başladılar. 1865-ci ilə yaxın dövrlərdə Rusiyada kartof əkinləri getdikcə genişlənirdi. Kartof daha çox istehsal olunduğuna görə bir çox sənaye sahələri, o cümlədən, nişasta və spirt istehsal edən zavodlar çoxaldı. Bunun nəticəsində isə kartofun əkin sahələri sürətlə artmağa başladı. Lakin əkin sahələrinin sürətlə artması Oktyabr sosialist inqilabından sonra baş verdi və SSRİ dünya üzrə kartofun əkin sahəsinə görə birinci yerə çıxdı.
Azərbaycanda kartof bitkisi XIX əsrin birinci yarısında Rusiyadan gətirilərək yayılmağa başlamışdır. İlk dəfə Gədəbəy rayonunun Hacılar kəndinə 16 kiloqram kartof gətirilmiş, sonralar oradan da onun toxumu respublikamızın başqa rayonlarına yayılmışdır. 1913-cü ildə Azərbaycanda cəmi 6 min hektar sahədə kartof əkilmiş və onun məhsuldarlığı hektardan 65 sentner (6,5 ton) olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kənd təsərrüfatının bütün sahələri ilə yanaşı, kartofçuluq üçün də yaxşı şərait yarandı. Hazırda kartof, əsasən, respublikamızın dağlıq və dağətəyi rayonlarında, faraş (təzə) kartof isə Lənkəran-Astara, Qazax-Gəncə zonalarının suvarılan aran yerlərində və Abşeronda istehsal olunur.