Suvarılan rayonlarda isə səpin CCТ-8A toxumsəpəni ilə 60 santimetrlik cərgələrlə səpilir.
Şəkər çuğunduru səpinində aqreqatın hərəkət sürəti 4,5 kvadratmetr/saatı keçməməlidir.
Səpinlə birlikdə və ya bundan sonra dərhal torpaq vərdənələnməlidir. Bu aqrotexniki tədbir torpağın üst qatını hamarlamaqla kipləşdirir və bunun hesabına nəmliyin toxuma keçməsi üçün əlverişli şərait yaranmış olur.
Səpindən sonra əkinlərə qulluq üzrə texnoloji əməliyyatların aparılması vacibdir. Bu əməliyyatların məqsədi şəkər çuğundurunun mütəşəkkil cücərtilərinin əmələ gəlməsini təmin etməkdən, onların bütün vegetasiya müddətində yaxşı boy verib inkişaf etməsi üçün əlverişli şərait yaratmaqdan, hər hektarda lazımi miqdar bitki sıxlığının formalaşdırılmasını təmin etməkdən, alaqların tam məhv edilməsindən, bitkinin xəstəlik və ziyanvericilərdən mühafizəsindən ibarətdir. Bütün bu tələbatları yerinə yetirmək üçün aqrotexniki sistemə aşağıdakılar daxil edilmişdir: cücərtilər alınana kimi torpağın kipləşdirilməsi (vərdənələrlə), başdan-başa yumşaldılması, cücərtilərin mexaniki seyrəldilməsi (yeri gəldikdə buketlərin əllə düzəldilməsi), cərgələrarası zolaqda və cərgənin özündə torpağın yumşaldılması, insektisid və funqisidlərin, alaq olduqda isə herbisidlərin tətbiqi.
Hər bir əməliyyatın vaxtında və keyfiyyətli yerinə yetirilməsi mütləqdir. Bu zaman hər bir tarlanın konkret şəraitinə müvafiq aqrotexnika tətbiq edilir. Çuğundurun becərilməsi üzrə olan tədbirlərin ümumi istehsal texnologiyasının digər elementləri ilə dəqiq əlaqələndirilməsi istehsalda əl əməyini tam aradan qaldırmağa və ya minimuma endirməyə tam şərait yaradır, yüksək məhsul əldə edilməsinə xeyli kömək etmiş olur.
Sərbəst iş üçün tapşırıqlar