Əgər yağış yağarsa, qaysaq əmələ gələ bilər, bu da cücərtilərə məhvedici təsir göstərir, çıxış alınmasını ləngidir, çıxan cücərtilər zəifləmiş halda olur, qaysaq qalın olduqda isə cücərtilər torpaq səthinə çıxa bilmir və məhv olur.
Qaysağı dağıtmaq, torpağın aerasiya və temperatur rejimini yaxşılaşdırmaq, alaq cücərtilərini məhv etmək, torpaqda nəmliyi saxlamaq üçün səpin qatının 2/3 hissəsinə qədər dərinlikdə rotasiya toxası vasitəsi ilə başdan-başa yumşaltma aparılır.
Tam çıxış alınandan sonra 1-ci kultivasiya aparılmalıdır.
Kultivatora alaqkəsici ülgüclər və ikitərəfli kəsən pəncələr, müdafiə zolağında fırlanan ulduzvarı işçi orqanlar bağlanmalıdır.
Cərgəaraları 6-8 santimetr dərinlikdə yumşaldılmalıdır.
İkinci və sonrakı becərmələr 8-10 santimetr dərinlikdə aparılmalıdır.
İkinci kultivasiya seyrəltmədən sonra, sonrakı kultivasiyalar isə suvarmalarla əlaqələndirilməlidir.
Kultivasiyanın keyfiyyəti və əhəmiyyəti kultivatorun işçi orqanlarının düzgün seçilməsindən və yerləşdirilməsindən asılıdır (Şəkil 8.12).
Əgər sahədə alaq azdırsa, cərgəaraları yalnız ensiz yumşaldıcılarla, sahə alaqlıdırsa, yastı ülgüclər və ikitərəfi kəsən pəncələr, mühafizə zolağı bərabərində kəsici disklər quraşdırılmış kultivatorla becərilməlidir.
Cərgəaraları qovuşduqda bitkiləri əzməmək üçün kultivasiyalar müvəqqəti dayandırılır.
Тəqvim səpin müddətləri müxtəlif torpaq-iqlim şəraiti üçün fərqli ola bilir. İsti rayonlarda, o cümlədən, Azərbaycanda mart ayının üçüncü ongünlüyündə, Şimal rayonlarında aprel-mayın birinci ongünlüyündə aparılır.
Suvarma şəraitində ən yaxşı səpin üsulu cərgəarası 60 santimetr olan gencərgəli nöqtəvi səpindir.
Təsərrüfatda çuğundurun becərilməsinə aid xüsusi, kompleks çuğundur maşınları olmazsa, onda bu bitkinin becərilməsində pambıq, qarğıdalı və ya tərəvəz texnikasından (CCT-8А, CCH-12, CK-18, CKP-12, CCT-12A, CCT-12Б) istifadə etməyə imkan verən səpin üsulu seçilməlidir (Şəkil 8.13, Şəkil 8.14).
Müasir texnologiyaya əsasən çuğundur sıxyuva üsulu ilə səpilir.
Səpən maşınlardan cərgələrarası 45 santimetr olan, 2СТСН-6А, ССТ-12А, WIC-12 və SST-12B (ССТ-12Б) və sair göstərmək olar.