Normal məhsuldarlıq əldə edilməsi üçün aşağıdakılara mütləq riayət olunmalıdır:
Yazda toxum yatağı hazırlığı əsnasında azotlu gübrənin 2/3-i səpildikdən, eyni zamanda yağışdan sonra baş qaldıran alaq otlarına qarşı istifadə olunan vasitələr atıldıqdan sonra dırmıq və ya digər zəruri vasitələrlə tarla əkinə hazır vəziyyətə gətirilməlidir.
8.4. Səpinin həyata keçirilməsi və səpin texnikası
Yazda əkin hazırlığı zamanı torpağın həddən artıq əzilməsinin qarşısını almaq üçün torpağın kultivasiya tədbirlərinin sayını mümkün qədər azaltmaq məsləhət görülür.
İdeal toxum yatağı hazırlığı torpaq və iqlim şərtlərinə görə dəyişir.
Burada ən önəmlisi yazda əkin öncəsi 2,5-3,0 santimetr qalınlığında homogen, asanlıqla havalana bilən yumşaq, 10 faiz nəmli torpaq təbəqəsinin formalaşdırılmasıdır. Bu üsulla işlənmiş təbəqənin üst qatı lazım olan toxum yatağıdır.
Səpin üçün rayonlaşdırılmış sortların birinci reproduksiyaya aid olan toxumları işlədilməlidir.
Dəqiq səpin aparmaq üçün səpiləcək toxum 3,5-4,5 millimetr və ya 4,5-5,5 millimetr diametrində olmaqla birtoxumluluğu 96 faizdən az olmamalıdır. Bu zaman bitkinin toxumlarının nəmliyə böyük tələbatı və cücərtilərin aşağı temperatura davamlılığı nəzərə alınmalıdır.
Şəkər çuğunduru faraş səpilən bitkilər qrupuna aiddir.
Faraş yazlıq səpinindən sonra çuğunduru səpmək məsləhət görülmür.
Respublikanın əksər rayonlarında şəkər çuğundurunu fevralın axırı, martın əvvəlində səpmək olar.
Toxumların səpinə torpağın 5 santimetrlik qatında temperatur 5-8°C-ə çatdıqda və sabit olduqda başlamaq lazımdır.
Bu zaman torpaq fiziki yetişkən həddinə çatmalı, yəni yaxşı ovxalanmalı, səpin alətlərinə yapışmamalı, toxumun yaxşı cücərməsi üçün kifayər qədər nəmlik olmalıdır.
Torpaqda kifayət qədər nəmlik olduqda toxum 3-3,5 santimetr dərinliyə, yalnız yaz quraq keçdikdə yüngül mexaniki tərkibli torpaqlarda 4-5 santimetr dərinliyə səpilməlidir.
Səpin zamanı mövcud olan cərgəarası işləyən texnikanın becərmə eninə müvafiq olaraq 60 santimetrlik nöqtəvi səpin üsulundan istifadə edilməlidir (Şəkil 3.15).
Bu cür cərgəli səpin üsulu həm suvarma, həm də cərgəarası becərmə üçün əlverişlidir.
Şəkər çuğunduru cücərtiləri, adətən, səpindən 8-12 gün sonra, bəzən bir az da gec alınır. Bu müddət ərzində torpaq kipləşir, alaq toxumları
cücərmiş olur.