Kartof yeyinti və emal sənayesi üçün də gözəl xammaldır. Kartofdan hazırlanmış spirt və digər məmulatların tibdə (səhiyyə sahəsində) böyük əhəmiyyəti vardır. Kartofdan alınmış qlükoza təbabətdə (tibb sahəsində) xəstələrin müalicə olunmasında geniş istifadə olunur (Şəkil 1.4.). Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın və digər xəstəliklərin müalicəsində də istifadə edilir. Kartofun çiçəklərindən hazırlanan preparatların köməyi ilə mədədə, qaraciyər və daxili orqanların müxtəlif nahiyələrində əmələ gələn xərçəng çöplərinin inkişafını dayandırmağa nail olmaq mümkündür.
Kartofdan sənayedə fotolentlər (Şəkil 1.5), aseton, süd turşusu, plastmas, yapışqan, avtomobil təkəri, kinolentlər, suni ipək (Şəkil 1.6), yüksək keyfiyyətli lak, boyaq maddələri, kosmetikada geniş istifadə edilən maska və nişasta tərkibli vitaminli mazlar istehsal olunur. Kartofun tağından (yaşıl kütləsindən) silos hazırlanır, emalı zamanı əldə olunan tullantılar heyvandarlıqda yem kimi istifadə edilir. Kartof heyvanların yemlənməsində xüsusi əhəmiyyətə malikdir. Yem üçün tək yumrulardan yox (çiy və bişmiş halda), həmçinin, kartofun emalı zamanı yaranmış tullantılardan və yerüstü hissəsindən ayrı-ayrı bitkilərin yaşıl hissəsi ilə qarışdırılaraq müxtəlif normalarda (Cədvəl 1.1) silos kimi heyvanların yemlənməsində istifadə olunur (Şəkil 1.7). 100 kiloqram kartof yumrularında 29,5, 100 kiloqram silosunda isə 8,5 yem vahidi vardır. Buna görə də kartofun bir hektar əkin sahəsi (Şəkil1.8.) qarğıdalıya (Şəkil 1.19) nisbətən 1,2 dəfə, çuğundura (Şəkil 1.10) nisbətən 1,6 dəfə, çovdara (Şəkil 1.11) nisbətən 2,3 dəfə çox yem vahidi verir. Bunu təsdiqləmək üçün göstərmək olar ki, 1 ton kartof yumruları ilə yemləndirilmiş donuzlar 50 kiloqram çəkidə artım verir, sağılan mallar isə 8 sentner (1 sentner - 100 kiloqram deməkdir) süd və 30-36 kiloqram yağ verə bilir.
Heyvanların gündəlik yem ehtiyacı | |
Süd verən inəklər | 20-30 kiloqram/gün |
Düyələr | 10-12 kiloqram/gün |
Danalar | 5-6 kiloqram/gün |
Ətlik danalar | 5-10 kiloqram/gün |
Qoyun və keçilər | 4-6 kiloqram/gün |
Cədvəl 1.1. Malların silosla yemlənməsi üçün tələb olunan norma.