7. Çuğundurun ətraf mühit amillərinə qarşı tələbatı
Şəkər çuğundurunun boy atması və inkişafının intensivliyi, onun məhsuldarlığı bir çox ətraf mühit amillərindən asılıdır. Temperatur həddi, nəmlik, qida maddələri və işıq inkişafı müəyyən edən həlledici amillərdir.
Şəkər çuğundurunun birinci il həyat fəaliyyəti dövründə onun boy atması və inkişafı, xarici amillərə münasibəti bütün vegetasiya müddətində bu və ya digər tərəfə doğru dəyişir.
7.1. Şəkər çuğundurunun torpağa tələbatı
Çuğundur, əsasən, adi, qüvvətli qələvi, zəif qələvi, podzollaşmış qara torpaqlar və digər müxtəlif torpaqlarda becərilir.
Çuğunduru boz-meşə, çimli-podzollaşmış, çəmən-boz, şabalıdı və boz torpaqlarda da becərmək olar (Şəkil 7.1, Şəkil 7.2).
Hümus təbəqəsinin (Şəkil 7.3) qalınlığı, sıxlığı, kimyəvi tərkibi və su fiziki xüsusiyyətlərinə görə yuxarıda adı çəkilən torpaq tiplərindən asılı olaraq çuğundurun bioloji xüsusiyyətlərinə müxtəlif formada təsir göstərə bilir.
Qalın hümus təbəqəsinə malik (hümusu üst təbəqədə olan) qara torpaqlar şəkər çuğunduru yetişdirmək üçün ən əlverişli torpaqlar sayılır. Bu torpaqlar eyni zamanda neytral reaksiyalı və ya zəif turşu reaksiyası və yaxşı su-fiziki xüsusiyyətlərə malik olmalıdır.
Тorpaq yumşaq quruluş və strukturda olduqda onda şəkər çuğunduru üçün ən əlverişli (1:1) hava və su nisbəti təmin edilmiş olur.
Şəkər çuğundurunun boy proseslərinin yavaşlaması və kökümeyvə məhsulunun azalması əsas mineral elementlərin - azotun, fosforun, kaliumun və başqa qida maddələrinin çatışmazlığı şəraitində baş verir.