Yarpaq kütləsinin artması dövrü. Bu dövr 1,5-2 aya qədər (kökün qabıq bağlama fazasına qədər) davam edir və yarpaq kütləsinin kökə nisbəti 1 : 3 bərabər olur (Şəkil 6.11);
Meyvəkökün sürətlə böyüməsi dövrü. Bu dövrdə kökün artması gündə 10 qrama çatır. Bu dövr 40-50 gün davam edir və köklərin yarpaq kütləsinə olan nisbəti 2 : 1 bərabər olur (Şəkil 6.12);
Meyvəkökdə şəkərin sürətlə toplanması dövrü. Bu dövr vegetasiyanın sonunda 20-30 gün davam edir. Bu dövrdə meyvəkökün böyüməsi zəifləyir, lakin hər gündə kökdə şəkərin miqdarı 0,07-0,10 faizə qədər artır.
Kökün boyatması - birinci olaraq rüşeym kökü boyatmağa başlayır. Bu kök uzanıb genişlənərək torpağın dərinliklərinə işləyir. Əsl kökün boy verməsi, kök sisteminin intensiv inkişafı kökün üçüncü quruluşundan sonra baş verir. Bu dövr ikinci, üçüncü, qoşa yarpaqların əmələ gəldiyi vaxta təsadüf edir. Yeni-yeni dairələrin əmələ gəlməsi ilə bütün kökün - meyvənin uzununa doğru yoğunlaşması başlayır. Bu növdə bitkinin mineral qida, nəmlik ilə yaxşı təmin edilməsi, digər xarici amillərin də çuğundur üçün əlverişli olması yarpaq aparatının formalaşmasının intensivləşməsinə səbəb olur. Bu şəraitdə əsl kök də sürətlə böyüyür və bu qaydada kök sisteminin əmələ gəlmə prosesi gedir. Artıq üçüncü cüt əsas yarpaq əmələ gəlmə fazasında şəkər çuğundurunun kök sistemi 70 santimetr və bundan çox dərinliyə gedir. Bu dövrdə köklərin üfüqi istiqamətdə inkişaf diametri 15 santimetrə çatır. Vegetasiyanın ortalarına yaxın köklər 1,5-2 metr dərinliyə işləmiş olur. Vegetasiya dövrünün axırında köklərin qət etdiyi dərinlik 2,5-3 metr, əsas kökdən ətrafa yayılma radiusu isə 100-120 santimetrə çatır.