Mədəni çuğundurun kökümeyvəsi iri olub 0,3-0,5 kq (bəzən 2-8 kq), şəkərliliyi 18-22%, bəzən də 24-25 faiz olur. Meyvəkökü ağ rəngli və konus şəkillidir.
Meyvəkökü üç hissədən ibarətdir:
Başcıq - kökün gövdə tipli hissəsidir ki, üzərində yarpaq rozeti və tumurcuqlar əmələ gəlir. Bitkinin böyümə konusu başcığın mərkəzində yerləşir. Əksər kökümeyvəlilərdə başcıq bütünlüklə torpaq səthində inkişaf edir. Qidalılıq cəhətcə zəif olur və tez oduncaqlaşır.
Boyun toxumun rüşeyminin ləpəaltı dizciyinin böyüməsindən irəli gəlir, başcıqla xüsusi kök arasında yerləşir və kökümeyvənin ən zəngin hissəsi hesab edilir. Normal şəraitdə boyun üzərində nə kök, nə də yarpaq olur. Ancaq səpin dərin aparıldıqda ləpəaltı dizciyin qüvvətli inkişafı nəticəsində boyunun aşağı hissəsi xüsusi kök vəzifəsini ifa edir, yəni üzərində yan köklər əmələ gəlir, yuxarısı isə boyunu əmələ gətirir (bəzi ədəbiyyatlarda iki hissə (başcıq və boyun) birlikdə başcıq adlanır).
Xüsusi kök - Kökümeyvənin ən aşağı və nazik hissəsidir. Üzərində bitkinin yan kökləri əmələ gəlir. Keyfiyyətinə görə boyuna yaxındır, ancaq əlverişsiz şəraitdə, xüsusilə, daşlı və bərk torpaqlarda şaxələnərək tipik quruluşunu itirir və qabalaşır. Yan köklər xüsusi kök üzərində müxtəlif vəziyyətdə yerləşir. Çuğundurun bütün növlərində kök telləri iki şaquli şırımda əmələ gəlir. Şırımlar şəkər çuğundurunun və yem çuğundurunun uzun, konusvarı kökə malik olan sortlarında daha aydın seçilir.
İnkişaf fazaları - Şəkər çuğunduru vegetasiya müddətində aşağıdakı inkişaf fazalarını keçirir (Şəkil 6.10):
1) Cücərmə, 2) çatal, 3) I cüt əsl yarpaq, 4) II-III cüt əsl yarpaq, 5) 7 yarpaq, 6) cərgəaralarının qapanması, 7) cərgəaralarının açılması, 8) texniki yetişkənliyin başlanması.
Şəkər çuğunduru bitkisi birinci il inkişafında üç mühüm dövr keçirir: