1. Kartofçuluğun iqtisadi, təsərrüfat əhəmiyyəti və istifadə imkanları
Kartofçuluq respublikamızın iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir. Kartof əhali üçün qiymətli ərzaq sayılır. Əhalinin işlətdiyi ərzaq məhsulları içərisində çörəkdən sonra kartof ikinci yeri tutur (Şəkil 1.1). Kartofun tərkibində insan orqanizmi üçün lazım olan bir sıra qiymətli maddələr: nişasta (Şəkil 1.2), zülal, mineral duzlar və müxtəlif vitaminlər vardır. Belə ki, onun kökyumrusunda 75,0 faiz su, 20,45 faiz nişasta, 2 faiz zülal, 0,3 faiz şəkər, 0,15 faiz yağ, 1,0 faiz sellüloza (birləşdirici toxuma), 1,1 faiz kül, həmçinin, bir sıra vitaminlər vardır. Bir çox ölkələrdə əhalinin əsas yeməyini kartof təşkil edir, çünki onun tərkibində küllü miqdarda C vitamini (20-40 milliqram, bəzən 54 milliqram faizə çatır) olması həmin insanların vitaminə olan ehtiyacını ödəyir (Şəkil 1.3). İnsan orqanizmi C vitamininə olan tələbatının yarısını kartofla təmin edir. Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik normasını təmin edir. Bununla bərabər kartofun yumrularında 12-15 milliqram faiz Ca (kalsium), 400-500 milliqram faiz K (kalium), 45-50 milliqram faiz P (fosfor), 1 milliqram faiz Fe (dəmir), A, B1, B2, B6, PP, K D, E, U vitaminləri var. Alimlərin tədqiqatları göstərmişdir ki, kartofun yumrularındakı zülalın böyük əhəmiyyəti vardır. Bitkilərin tərkibində olan amin turşuları insan və heyvan orqanizmində yaranmır. Onlardan ən əhəmiyyətlisi lizin (amin turşusudur) hesab olunur. Lizin amin turşusu bitkilərdə olan zülalların həzm olunmasında nizamlayıcı rol oynayır. Həmçinin, kartofda olan zülal digər zülallardan fərqli olaraq daha yaxşı həzm olunur. Bu xüsusiyyətinə görə taxılda və tərəvəzdə olan zülalları qabaqlayır, ancaq ətdə olan zülallardan bir qədər geri qalır. Kartof yumrularında lizindən başqa, digər amin turşuları da vardır.