Kartofun bu üsulla saxlanması zamanı kiçik həcmli brutlarda əlavə havalandırma aparılmır. Lakin yadda saxlamaq lazımdır ki, bu üsulla saxlanma zamanı brutların çöl tərəfində payız aylarında temperatur yüksək olur. Qış aylarında isə əksinə, kartof saxlanan brutların daxilində temperatur açıq şəraitdən yüksək olur. Belə ki payızda açıq şəraitdə temperatur 50C-dən çox olduğu halda qışda bu rəqəm əksinə 50C-dən az olur. Kartofun brutlarda saxlanması zamanı ot, saman, polimer və digər örtüklərdən istifadə olunur. İri həcmli brutlarda bir və ikitərəfli boru tipli havalandırma sistemi quraşdırılır.
Kartofun sadə üsulla saxlanması üçün yumruların mikrob əleyhinə çilənməsi metodundan da istifadə edilir. Belə ki çürümənin qarşısını almaq, saxlanma müddətini artırmaq məqsədi ilə 100 qram doğranmış sarımsağı 100 kiloqram kartof yumrularına qarışdırmaq lazımdır. Digər tərəfdən 50 qram xırdalanmış soğan yarpağını 1 litr suya töküb sonra onu 1,5 litrə çatdıraraq bu məhlulla 100 kiloqram kartofu çilədikdə o, uzun müddət qala bilər.
Ərzaq üçün tədarük edilmiş kartof yumruları kətan, polimer kisələrdə, zənbillərdə, yeşiklərdə, iri tutumlu xüsusi təyinatlı qablarda nəql edilir və satışa qoyulur.
Kartof yığılmış qabların üzərində olan yarlıqda kartofun sortu, istehlak təyinatı (ərzaqlıq, toxum, emal), çəkisi, yığıldığı tarix və istehsal olunduğu yerin adı qeyd edilməlidir.
İxrac məqsədi üçün ayrılmış qablar təzə və təmiz olmalıdır. İşlənmiş qablara yığılmış kartofun satışına yalnız müvəqqəti ticarət şəbəkələrində və bazarlarda alıcıların razılığı əsasında icazə verilə bilər.
Sərbəst iş üçün tapşırıqlar