GİRİŞ
Hörmətli oxucu!
Təqdim olunan modul dərs vəsaitində cərgəarası bitkilərdən olan kartof və şəkər çuğundurunun becərilmə texnologiyası, tәsərrüfat әhәmiyyәti, inkişaf tarixi, mәhsuldarlığı, toxumçuluğu, tәdarükü, inkişaf perspektivlәrinə dair ətraflı mәlumat verilmişdir.
Taxıldan sonra mühüm ərzaq sayılan kartof Cənubi Amerikada 8 min il bundan qabaq becərilməyə başlansa da, Avropaya XVI əsrdə ilk dəfə ispanlar tərəfindən gətirilmişdir. Respublikamızda isə kartofun becərilməsi XIX əsrin əvvəllərinə təsadüf edilir. İlkin olaraq çiçək bitkisi kimi becərilən kartof sonradan ən mühüm ərzaq növünə çevrilmişdir. Respublikamızın bütün bölgələrində kiçik ailə təsərrüfatlarında il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında daha çox becərilir və yüksək məhsul verir.
İkinci çörək adlandırılan kartof ona görə gəlirli sahə hesab olunur ki, ondan müxtəlif milli xörəklər və salatlar hazırlanır. Bu baxımdan kartofun geniş həcmdə becərilməsi mühüm şərtdir. Eyni zamanda kartof yumrularının tərkibində quru maddə, nişasta, həll olmuş sulu karbonlar, qlükoza və sair əhəmiyyətli maddələr vardır. Təkcə kartof nişastasından 500-dən çox məhsul istehsal olunur. Bu məhsullardan kağız istehsalında, yeyinti sənayesində və tibdə geniş istifadə edilir.
Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində istifadə olunur. Onun şirəsi dəridə əmələ gələn ləkələri təmizləyir, ağardır, bədənə, sifətə təravət, gözəllik verir, insanı cavanlaşdırır.
Təqdim olunan modul dərs vəsaitində kartofçuluğun inkişaf prosesi, təsərrüfat üçün iqtisadi əhəmiyyəti, məhsuldarlığı, bitkinin istifadə imkanları, növbəli əkinə, torpağa, iqlimə olan tələbatı haqqında kifayət qədər yeni məlumatlar əldə edəcəksiniz.
Burada kartofçuluğun səmərəli inkişafı, məhsuldarlığının artırılması baxımından yerli şəraitə uyğun olaraq əkin üçün uyğun sortun seçilməsi, hektar üçün çəkilən xərcin hesablanması, səpin texnikasının seçilməsi, torpağın qida maddələrinə olan tələbatının müəyyən edilməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi, həmçinin, məhsulun yetişmə dövrünün müəyyən olunması, məhsulun yığılması və saxlanması barədə müasir elmi nailiyyətlərin nəticələri verilmişdir.
Vəsaitdə, həmçinin, şəkər çuğundurunun bеcərilməsi, аqrоtехniki tədbirlərin həyаtа kеçirilməsi, növbəli əkində оnun yеri, gübrələnməsi və məhsulun yığılmаsı hаqqındа məlumаtlаr da öz əksini tapmışdır. Еyni zаmаndа şəkər çuğundurunun mənşəyi, kimyəvi tərkibi, оnun еmаlı, şəkərin аlınmа tехnоlоgiyаsı, оnun iqtisаdi səmərəliliyi barədə məlumatlar da verilmişdir.
Təhsil alanlar bu modul dərs vəsaitində verilmiş məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyəti prosesində tətbiq edə bilərlər.