Qeyd olunanlarla əlaqədar kartof yumrularının anbarlarda optimal şəraitdə saxlanması üçün aşağıda göstərilən qaydalara riayət edilməsi vacibdir:
Bu gün Azərbaycanda ilk dəfə olaraq Holland texnologiyası ilə iri həcmli kartof toxumu saxlanılan müasir avtomatlaşdırılmış anbar binası Tovuz rayonunun İbrahimhacılar kəndində Tovuz-Baltiya LTD şirkəti tərəfindən quraşdırılmışdır. Bu cür anbarların digər yerlərdə qurulması nəzərdə tutulur. Bu anbarlarda havalanma, temperatur, nəmlik rejimi daimi nizamlandığı üçün kartofu uzun müddət, az itki ilə və yüksək keyfiyyətlə saxlamaq mümkündür.
Toxumluq və ərzaqlıq kartofun saxlanması aşağıdakı əsas mərhələlərlə həyata keçirilir:
1. Zədələnmiş yumruların bərpası;
2. Soyudulma fazası;
3. Əsas saxlanma fazası;
4. Qızdırılma fazası.
Toxumluq kartof yumrularının xəstəliklərə sirayətlənməsini azaltmaq məqsədi ilə əvvəlcə yumrular dağılan işıq şüaları düşən yerdə yaşıllaşdırılmalı və 1 ton toxum 60-90 millilitr tekto preparatının 2 litr sulu məhlulu ilə çilənməlidir.
Yaşıllaşdırmaq məqsədi ilə toxumluq kartof bir neçə gün ərzində dağılan işıq altında saxlanılmalı və bu əməliyyat yumruların səthi tam yaşıllaşanadək davam etdirilməlidir. Yaşıllaşmış kartof yumrularında müəyyən miqdarda solanin maddəsi toplandığı üçün ərzaqlıq kartofdan ayrı yerdə saxlanmalıdır.
5.4.1. Zədələnmiş yumruların bərpası
Əgər kartof yumrularının səthi nəmlidirsə, ilk növbədə, qurudulmalı və havalandırılmalıdır (Şəkil 5.19). Bu prosesin müddəti və intensivliyi nəmliyin miqdarından, hava şəraitindən, kartofun saxlanma üsulundan və yığılan məhsulun keyfiyyətindən asılıdır. Kartof yığımına yağışdan dərhal sonra başlanılarsa, bu zaman mütləq havalandırılmalı və yumrular nazik qatda çadır və digər döşəmə materialları üzərinə sərilərək qurudulmalıdır.