Xüsusilə, nəmli, palçıqlı (Şəkil 5.16) və çirklənmiş halda kartofun saxlanmasına qətiyyən yol verilməməlidir.
Optimal temperatur, nəmlik və havalanma şəraitində saxlanma zamanı sağlam kartof yumrularında baş verən təbii itki 6 ay ərzində 1,0-1,5 faizdən çox olmamalıdır.
Kartof yumrularının tənəffüs prosesi saxlandığı yerin temperatur şəraitindən asılıdır. Tənəffüs zamanı karbon qazı ilə yanaşı, istilik də çıxır.
Kartofu saxlayarkən buxarlanma nəticəsində yumruların tərkibində olan su azalır, hüceyrələr turqor vəziyyətindən plazmoliz halına keçir və nəticədə kartofun quru çürümə xəstəliyinə tutulması sürətlənir. Buxarlanmanın intensivliyi kartof saxlanan yerin nəmlik şəraitindən, temperaturundan və yumruların qabığının möhkəmliyindən asılıdır. Belə ki su çıxımı 50C temperaturda 1 ton kartof üçün saatda 5-10 qram olduğu halda, 150C temperaturda 15-20 qramadək artır. Yetişməmiş və zədələnmiş kartof yumruları otaq temperaturunda normal kartof yumrularına nisbətən 20 dəfə çox su itirir.
Odur ki, ərzaqlıq kartof soyuducu anbarlara yığılmazdan əvvəl mütləq qurudulmalı, zədələnmiş, tam yetişməmiş, qabığı bərkiməmiş, qeyri-standart yumrular çıxdaş edilməlidir.
Kartof saxlanılan soyuducu qurğular, anbarlar, digər saxlanma yerləri əvvəlcədən təmir edilməli və yığım üçün tam hazır vəziyyətə gətirilməlidir (Şəkil 5.17).
İlk növbədə, kartof saxlanılan anbar və qurğular keçən illərdən qalmış tullantılardan təmizlənməli, divarlar, döşəmələr, digər yerlər zərərsizləşdirilməlidir.
Bir qayda olaraq saxlanma yerləri çürümüş bitki qalıqlarından, torpaqdan, daş qırıntılarından, qablaşdırıldığı xarab və köhnəlmiş qablardan da təmizlənməlidir. Əks halda bütün bunlar kartofun xəstəliklərə yoluxmasına və zərərvericilərlə sirayətlənməsinə səbəb ola bilər.