İkifazalı yığımda aqreqat (kombayn) 4 cərgənin məhsulunu birbaşa çıxarır və bir cərgəyə toplayır. Kombaynın məhsuldarlığı bir gündə 6-8 hektara çatır. Yığılmış kartof sahədə çardaq altında kölgəli yerdə 2 saatdan 24 saatadək qurudulduqdan sonra bir daha qarışıqlardan təmizlənir və sonra təyinatı üzrə nəql edilir. Müasir kartofyığan kombaynlar kartof yumrularını qırıntılardan təmizləyir və bunker vasitəsi ilə birbaşa qoşqulu yük maşınına tökür. Yeni yığılmış məhsul çeşidləyici məntəqələrə aparılır və təyinatına görə çeşidlənir. Yığılmış məhsulun daşınması kartof əkini sahəsinin ölçüsündən, əkildiyi yerin xüsusiyyətindən, nəql olunduğu məntəqəyə yaxın-uzaqlığından, mövcud texniki avadanlıqla təminatından və digər amillərdən asılıdır.
Böyük sahələrdə kartof məhsulu iri yüklü maşınlara ötürücü mexanizmlər vasitəsi ilə doldurulur. Məhsulun daşınmasında yük avtomobillərindən, traktorlardan, heyvan qoşqularından, motosikllərdən və digər nəqliyyat vasitələrindən istifadə olunur.
Məhsulun satış məntəqələrinə və anbarlara göndərilməsi zamanı çalışmaq lazımdır ki, yumruların mexaniki zədələnməsinin qarşısı maksimum dərəcədə azalsın, yumrular atmosfer çöküntülərinin, nəmişliyin mənfi təsirinə məruz qalmasın. Böyük sahələrdə daxili yol şəbəkələrinin düzəldilməsi, çala və çökək yerlərin doldurulması işləri də ardıcıl aparılmalıdır.
Üstü örtülü maşınlarda məhsulu daşıyarkən mütləq havalandırmaya diqqət yetirilməlidir. Tökmə üsulu ilə daşındıqda isə kartofu 1-1,2 metr hündürlükdən artıq qatda yığmaq məsləhət görülmür. Əks halda havalanma prosesi zəifləyir, mexaniki zədələnmələr artır və bu da gələcəkdə təkrar məhsul itkisinin yaranmasına səbəb olur. Fermerlər torpaq mülkiyyətçiləri mövcud şəraitdən asılı olaraq kartofun ilkin qurudulmasını, çeşidlənməsini, qablaşdırılmasını bilavasitə sahədə çardaq altında və gün düşməyən digər yerlərdə də edə bilərlər.
Toxumluq kartof məhsulu bir qayda olaraq qurudulmuş vəziyyətdə kisələrdə, digər qablarda və yaxud ərzaq konteynerlərində qablaşdırılaraq satışa göndərilir. Toxumluq kartofun birbaşa tökmə üsulu ilə daşınması arzu olunmur. Bu zaman yumrular daha tez zədələnir, toxumun keyfiyyət göstəriciləri pisləşir və çürümə prosesi üçün əlverişli şərait yaranır.