5.2. Kartof məhsulunun yığılması
Faraş kartof sortları (Şəkil 5.9) istisna olmaqla məhsul yığımına yumruların qabığı bərkidikdə və tam yetişkənlik mərhələsinə çatdıqda başlamaq lazımdır.
Yığıma başlamazdan əvvəl kartofyığan kombaynlara (Şəkil 5.10) və digər avadanlıqlara olan tələbat müəyyənləşdirilməli, çeşidləmə, qablaşdırma, daşınma və saxlanma üçün yerlər hazır vəziyyətə gətirilməlidir.
Yığım zamanı çalışmaq lazımdır ki, məhsul itkisinin qarşısı maksimum dərəcədə alınsın və yumrular mexaniki zədələnmələrə az məruz qalsın.
Əlverişli hava şəraitindən maksimum dərəcədə və səmərəli istifadə olunmalı, yığım qısa müddətdə başa çatdırılmalıdır. Uzun sürən yağıntılar və havaların sərin keçməsi yığımın gecikdirilməsinə səbəb olur və yığılan məhsulun keyfiyyətinə olduqca mənfi təsir göstərir.
Temperaturun 13-150C-dən aşağı düşməsi və nisbi nəmliyin 70 faizdən yuxarı qalxması kartofun zədələnməsini sürətləndirir. Əgər 250C temperatur şəraitində keçirilən yığımı 50C temperatur ilə müqayisə etdikdə yumruların zədələnməsi ən azı 2 dəfə artır. Havalar soyuyarkən və hətta şaxta düşdükdən sonra belə kartof yığımına havanın temperaturu ən azı 6-80C olduqda başlamaq lazımdır.
Yığım vaxtı havanın temperaturu 50C-dən aşağı düşdükdə kartofun keyfiyyət göstəriciləri pisləşir və saxlanma zamanı xeyli məhsul itkisinə səbəb olur.
Yumruların qabığı 95 faiz əridikdə və quru hava (10-150C) şəraitində yığımın qısa müddətdə başa çatdırılması tövsiyə olunur.
Kartof yumrularını qarışıqsız yığmaq üçün sahə, ilk növbədə, iri daş qırıntılarından və digər qarışıqlardan təmizlənməli və yığım üçün tam hazır vəziyyətə gətirilməlidir.
Kartof yığımında müxtəlif markalı kartofyığan kombaynlardan istifadə edilir.
Kartofu çıxararkən dərinliyi elə nizamlamaq lazımdır ki, qazma aləti ilə kartof yumrularının itkisiz çıxarılması təmin edilsin və mexaniki zədələnmələr maksimum dərəcədə azalsın.
Qazma dərinliyi artdıqca aqreqatdan çıxan torpaq və digər qırıntıların miqdarı da artır. Belə ki 12 santimetr dərinlikdə qazma zamanı bir hektardan 750 ton torpaq və daş qırıntısı çıxdığı halda, bu miqdar 15 santimetr dərinlikdə 100 tonadək artır. Bu baxımdan kartof istehsalçıları yumruları basdırarkən çalışmalıdılar ki, yumrular təyin olunmuş dərinliyə basdırılsın. Digər tərəfdən yumruları təyin olunmuş qatdan dərinə basdırdıqda məhsul yığımı çətinləşir, kartofyığan kombaynların məhsuldarlığı azalır, əl əməyi sərfi artır və əlavə məhsul itkisinə səbəb olur.