Odur ki, torpağın hazırlanması və yumruların əkini zamanı bu əməliyyatlar nəzərdən qaçırılmamalıdır.
Bu səbəbdən inkişaf etmiş ölkələrdə yerüstü kütlənin təmizlənməsində mexaniki və kimyəvi üsullardan kombinə edilmiş şəkildə istifadə edilir.
Kimyəvi mübarizə məqsədilə Basta (Şəkil 5.7) və Reqlon (Şəkil 5.8) preparatlarından istifadə olunur. Lakin basta preparatının toxumluq kartof sahələrində tətbiqinə icazə verilmir.
Qeyd olunan preparatlar kartof yumrularının yetişmə fazasının əvvəlində tətbiq edilir. İlk çiləmə hər hektara 2,5 litr və təkrar çiləmə isə yerüstü kütlə təmizləndikdən dərhal sonra 1,5-2,0 litr normada aparılır. Yerüstü kütləni mexanikləşdirilmiş qaydada maşınla biçdikdən sonra yeni cücərtilərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə hektara 2,5 litr norma ilə yuxarıda qeyd olunan preparatlarla çiləmə aparılır.
Desikant çiləyici maşın və aqreqatlarla sahəyə vurulur. Basta preparatının bir hektara işçi məhlul sərfi 200-300 litr, reqlonunku isə 300-400 litrdir.
Əgər bitkinin yarpaqları şeh və yağış sularının təsirindən nəmlənərsə, bu halda desikantın tətbiqi məsləhət görülmür.
Basta preparatını yağış yağdıqdan ən geci 8, ən tezi isə 5 gün sonra tətbiq etmək olar. Odur ki, əvvəlcədən havanın proqnozunu öyrənmək lazımdır ki, preparatı tətbiq etdikdən sonra yağışın və digər atmosfer çöküntülərinin mənfi təsirinə məruz qalmasın.