Kartofun yerüstü kütləsi sahədən təmizləndikdən 2-3 həftə sonra yumrulanır, qabığı torpaqda kifayət qədər bərkiyir və yığım zamanı mexaniki zədələnmələrin təsirinə az məruz qalır. Yadda saxlamaq lazımdır ki, uzun müddət kartof yumruları torpaqda yığılmamış halda (Şəkil 5.5), xüsusilə, nəmli şəraitdə qalarsa, rizoktoniozla (Şəkil 5.6) və digər xəstəliklərin törədiciləri ilə daha tez sirayətlənə bilər. Eyni zamanda kartof yumrularında nişastanın miqdarı da bu zaman azalır.
Mexaniki üsulla yerüstü kütlənin biçilməsi çox zaman gözlənilən nəticəni vermir. Belə ki biçindən sonra sahədə qalmış yerüstü kütlədə vegetativ orqanların müəyyən qədər inkişaf etmək ehtimalı yarandığı üçün kartof yumrularının fizioloji yetişkənliyi (xüsusilə, qabığının bərkiməsi) və yığımı gecikir. Digər tərəfdən bir sıra xəstəlik törədiciləri və zərərvericilər inkişaf edərək məhsulun əmtəəlik keyfiyyətini aşağı salır.
Əgər yerüstü kütlə təkrarən cücərsə, dərhal kimyəvi mübarizə üsulundan istifadə etmək lazımdır. Əks halda kartof yumrularının keyfiyyəti pisləşir, yumrular boşalır və kartofun məhsuldarlığı aşağı düşür.
Kimyəvi üsuldan, əsasən, yerüstü hissəsi zəif inkişaf etmiş kartof sortları ilə keçirilən əkinlərdə istifadə olunur.
Bu üsulla əvvəlcə bitkinin yerüstü kütləsinin hündür hissəsi və təkrar çiləmədə isə qalmış kütləsi məhv edilir. Yerüstü kütləni maşınla biçdikdə gövdə 20-30 santimetr hündürlükdə qalır. Kartofun yerüstü hissəsini dərindən biçdikdə isə kartof yumruları mexaniki zədələnməyə daha tez məruz qalır və nəticədə məhsul itkisinə səbəb olur.
Alçaqboylu kartof sortlarının gövdələri bir qədər aşağıdan biçilir. Yerüstü kütlənin eyni hündürlükdə və maneəsiz biçilməsi üçün kartof əkini sahələrində torpağı hazırlayarkən tirələr və şırımlar bərabər hündürlükdə və hamar vəziyyətdə olmalıdır.