5. Kartofun yığılması və saxlanması
Kartof bitkisi tam yetişmə dövründə yığılır (Şəkil 5.1). Kartofun yetişmə zamanının gəldiyini yarpaqların və sapların saralıb qurumasından, kök yumrularının normal böyüklüyünü alaraq bitkidən asanca ayrılmasından və qabığının qalınlaşıb sərtləşməsindən müəyyən etmək mümkündür.
Toxumluq kartofun yığılması isə bir qədər fərqlidir. Kartofun çıxarılmasını asanlaşdırmaq, yumruların ölçülərini toxumluq boyda tutmaq, xəstəliklərin daşınmasını önləmək üçün bitkilərin yaşıl kütləsi təbii yetişkənliyi gözlənilmədən məhv edilir.
5.1. Kartofun yerüstü kütləsinin biçilməsi və kimyəvi üsulla zərərsizləşdirilməsi
Məhsul yığımına başlamaq üçün, ilk növbədə, bitkinin yerüstü yaşıl kütləsinin (tağların) vəziyyəti müəyyənləşdirilməlidir. Belə ki yarpaqların 70 faizi və yaxud gövdə üzərində olan bütün yarpaqların 75 faizi saraldıqda kartofun yerüstü kütləsi, ilk növbədə, mexaniki (biçilməklə) (Şəkil 5.2) və yaxud kimyəvi yolla sahədən təmizlənməlidir. Yerüstü kütlənin sahədən təmizlənməsi yığımı asanlaşdırır, növbəti bitki əkinləri üçün təhlükə yaradan alaq otlarının, xəstəlik və zərərvericilərin yayılmasını xeyli azaldır. Bu əməliyyatın aparılmasında başlıca məqsəd isə yerüstü vegetativ kütlənin inkişafını dayandırmaqla kartof yumrularının tam formalaşmasına, qabığının bərkiməsinə, əmtəəlik keyfiyyətinin yaxşılaşmasına və fizioloji yetişkənlik müddətinin qısaldılmasına nail olmaqdan ibarətdir.
Fitoftoroza yoluxmuş sahələrdə (Şəkil 5.3) kartofun yerüstü kütləsi digər əkinlərə nisbətən daha tez təmizlənməlidir. Bu zaman xəstəliyə tutulmuş sahə əvvəlcə kimyəvi üsulla zərərsizləşdirilir (Şəkil 5.4) və sonra mexaniki üsulla sahədən təmizlənir.