4.3.2. Suvarma texnikası və aqronomik qaydalar
Suvarma zamanı suya qənaət edilməsi, hektara sərf olunan su norması mövcud suvarma üsullarından daha çox asılıdır.
Ərazinin torpaq-iqlim şəraitindən, kartof əkini sahəsinin ölçüsündən asılı olaraq kartofçuluqda:
Boru tipli qurğu ilə suvarma daha səmərəli və əlverişlidir. Əgər kartof əkiləcək sahənin uzunluğu 300-350 metr olarsa, bu zaman 80-90 millimetr diametrli borulardan istifadə edilir. Sahənin uzunluğu 600 metr olduqda isə 125 millimetrlik borularla suvarma aparılır.
Xətli və dairəvi yağışyağdırma qurğusu üçün daha böyük sahələr tələb olunur və bu üsul da öz növbəsində sərfəlidir.
Hərəkət edən qurğularla suvarma apardıqda 1 hektara 900-1200 kub metr, yarımsəyyar qurğularla suvardıqda 900 kub metr, cərgəvi üsulla suvarmada isə 900-1200 kub metr suvarma suyu sərf olunur. Lakin bu suvarma normaları təxminidir və kartof yetişdirilən bölgələrin torpaq-iqlim şəraitindən asılı olaraq artıb-azala bilər.
Kartofun suvarılması hətta yağmurlu illərdə belə sərfəlidir və normal məhsul alınmasına tam təminat verir.
Tədqiqatlar göstərir ki, eyni becərmə şəraitində suvarmanın təsiri nəticəsində kartofun məhsuldarlığı suvarılmayan sahəyə nisbətən 50 sentnerdən 150 sentnerədək arta bilir. Lakin suvarmanın aqrotexniki qaydalara uyğun təşkil edilməsi üçün ilk növbədə torpağın nəmliyi mütəmadi yoxlanmalı, bitkinin inkişaf fazalarından asılı olaraq suya tələbatı öyrənilməli və normadan artıq suvarmaya yol verilməməlidir. Xüsusilə, toxumluq kartof əkini sahələrində suvarma normasına daha ciddi riayət edilməlidir. Artıq nəmlik şəraiti toxumluq məqsədilə yetişdirilən kartof yumrularının keyfiyyətinə mənfi təsir göstərir və əkinə yararlılığını aşağı salır.