Veqetasiya dövründə suvarmanı bitkinin tələbatına uyğun apardıqda məhsuldarlığın artması ilə yanaşı, kartof yumrularının keyfiyyət göstəriciləri də xeyli yaxşılaşır. Belə ki suvarma zamanı ərzaqlıq kartofun əmtəəlik görkəmi 6 faizdən 20 faizədək yaxşılaşır, dəmgil xəstəliyi ilə sirayətlənməsinin və böcəklərlə zədələnməsinin qarşısı alınır. Eyni zamanda yumruların forması və botaniki rənginin dəyişilməsi azalır, kartofun qidalılıq keyfiyyəti yaxşılaşır. Nisbi nəmliyin və temperaturun aşağı düşməsi nəticəsində kartof yumrularının formalaşdığı dövrdə bəzi illər nişastanın miqdarı 3-7 faizədək azalır. Lakin normadan artıq suvarma kartof yumrularında nişastanın miqdarının cüzi (0,5 faiz) azalmasına səbəb ola bilir.
4.3.1. Suvarmanın vaxtı və norması
Faraş kartof kütləvi cücərməyə qədər ən çoxu 1-2 dəfə suvarılır. Çox suvarıldıqda torpaq soyuyur, istilik, qida və hava rejimi pozulur. Kütləvi çiçəkləmə zamanı və ondan sonra 2-3 dəfə suvarılır. Bu müddətdə suvarılmadıqda yumrular çox xırda olur.
Kartof bitkisinin suvarılmasına əsasən yumruların yeni formalaşması dövründə (qönçələmənin əvvəlində) başlanılır. Toxumluq kartof sahələrində, orta faraş və orta gecyetişən sortlar əkilən torpaqlarda, yarpaqların alt səthində saralma müşahidə edildikdə və kartof yumrularının yetişmə fazasının əvvəlində suvarmalar dərhal dayandırılmalıdır.
Tədqiqatlar göstərir ki, 60 millimetr səviyyədə suvarma nəticəsində kartofun hektardan məhsul artımı 51 sentner, müvafiq olaraq 110 millimetrdə 101 sentner, 140 millimetrdə isə 114 sentner olur. Suvarmanın səviyyəsi 160 millimetr olduqda isə yenidən məhsuldarlıq azalaraq 97 sentner səviyyəsinə düşür.
Orta faraş və gecyetişən kartof sortları ilə keçirilən əkinlərin suvarılması qönçələmə və yumruların formalaşması dövründən başlayaraq yarpaqların 60 faizi tökülənədək və yaxud yığıma 35 gün qalmışadək davam etdirilməlidir.
Əkinləri yağışyağdırma üsulu ilə suvardıqda aşağıdakı aqrotexniki tələblərə riayət edilməlidir:
Suvarmadan sonra kartof əkini sahəsində fitoftoroz xəstəliyinə qarşı ridomil və antrakol preparatlarının biri ilə qabaqlayıcı mübarizə tədbirləri aparılmalıdır. Suvarma suyuna qənaət etmək məqsədi ilə alaq otları maksimum dərəcədə məhv edilməli, suvarmanın əhatə etdiyi sahə kartof əkin sahəsindən 4 dəfə kiçik olmalıdır. Əgər 10 hektar kartof əkini sahəsinin suvarılması nəzərdə tutulursa, bu zaman suvarmanın əhatə etdiyi sahə 2,5 hektardan artıq olmamalıdır.