Yumruların saxlanması üçün normal şərait yaradılmalı, ciddi karantin tədbirləri həyata keçirilməli, kartof güvəsi ilə sirayətlənmiş toxum materialı məhv edilməli, bu zərərverici ilə sirayətlənmiş kartofun Azərbaycan Respublikasına gətirilməsi və satışı qadağan edilməlidir.
Güvəyə qarşı Arrivo (Şəkil 4.84) (160 qram/hektara), Bİ58 (Şəkil 4.85) (1,9-2,4 kiloqram/hektara), Desis (Şəkil 4.86) (200 qram/hektara), Zolon (1,5-2,0 kiloqram/hektara) və təlimata uyğun yeni istehsal olunmuş digər insektisidlərdən də istifadə etmək məsləhətdir.
Eyni zamanda yumrular saxlanmağa qoyulmazdan əvvəl hər ton toxuma 700 qram hesabı ilə Lepidosidinin 1 faizli işçi məhlulu (15 ton toxuma 100 litr sərf etməklə) ilə çiləmə aparılmalıdır. Kartof saxlanan anbarların insektisidlərlə fumiqasiya edilməsi də mühüm mübarizə tədbirlərindən biridir.
4.3. Kartofun suvarılması
Kartof bitkisinin kök sistemi nisbətən zəif inkişaf etdiyi üçün və əsasən, torpağın üst qatında yerləşdiyinə görə, hətta ən münbit torpaqlarda quraqlığın mənfi təsirinə məruz qalır. Vegetasiya ərzində bir kartof kolu təxminən 50 litrədək su mənimsəyə bilir. Yağıntının miqdarı orta səviyyədə (470-600 millimetr) olduqda məhsuldarlığın aşağı düşməsi ehtimalı yaranır.
Orta faraş və gecyetişən kartof sortlarının hər hektarından 350-400 sentner məhsul almaq üçün bitkinin intensiv inkişaf etdiyi dövrdə sahə 4 millimert səviyyəyədək suvarılmalıdır (Şəkil 4.87).
Dəmyə şəraitində təsiredici maddə hesabı ilə kartof əkinlərinin hər hektarına 150 kiloqram azot gübrəsi verilməklə hər hektardan 50-100 sentner məhsul artımı əldə edildiyi halda, suvarma şəraitində bu rəqəm 2 dəfə artırılaraq 120-200 sentner təşkil edir.