Kəpənəklər zibilliklərdə, evlərin və kartof saxlanan anbarların divarlarında qışlayır. Yazda kəpənəklər yarpağın alt hissəsinə və gövdə üzərinə ağ, mirvariyə oxşar və oval formalı 0,3-0,4 millimetr diametrində yumurtalar qoyur (Şəkil 4.82). Yumurtalardan açıq-sarı, çəhrayı və yaxud bozumtul-yaşıl bədənli tünd-qəhvəyi başlı tırtıllar çıxır (Şəkil 4.83). Tırtılların uzunluğu 12 millimetrə, eni 1,5 millimetrə çatır. Tırtıllar yarpağın və gövdənin ətli hissələri ilə qidalanır. Yayda tırtıllar yumrulara yoluxaraq qabığının altında dar yollar açır və ilk növbədə yeni əmələ gəlmiş cücərtilərin zərif toxumalarını zədələyir. Zədələnmə yerlərində çəhrayı-bənövşəyi rəngli ləkələr əmələ gəlir.
Zədələnmiş toxumalara müxtəlif növ mikroorqanizmlər daxil olaraq yumrularda quru və yaş çürümə xəstəliyini törədir.
Yay ərzində kartof güvəsi bir neçə nəsil verir. Payızda isə onun tırtılları yumrularla birlikdə kartof saxlanan anbarlara daxil olur.
Saxlanma zamanı yüksək temperatur şəraitində kəpənəklər yumruların gözcükləri üzərinə yumurta qoyaraq təkrarən 1-2 nəsil verir.
Yazda kəpənəklər anbardan, digər saxlanma yerlərindən uçur, tırtıllar isə toxum üzərində qalır və mübarizə aparılmadığı halda yenidən torpağa daxil olur.
Mübarizə tədbirləri: Təhlükəli karantin zərərverici kimi çöl və anbar şəraitində mütəmadi müşahidə aparmaqla güvənin yayıldığı yerlər zərərsizləşdirilməlidir. Kartof əkinləri quşüzümü fəsiləsindən olan bitkilərdən (pomidor, badımcan, bibər və sair) təcrid olunmalıdır.
Yığımdan sonra sahədə olan bitki qalıqları və alaq otları məhv edilməlidir. Toxum materialı kartof güvəsi ilə sirayətlənmiş yumrulardan təmizlənməlidir.