4.2.3.7. Yastıbığlı (xırıldaq) böcək
Böcəklə yoluxmuş kartof yumruları əmtəəlik və toxumluq keyfiyyətini itirir, qeyri-standart formaya düşür. Zədələnmə kartofun göbələk və bakterial çürümə xəstəliklərinə tutulmasına əlverişli şərait yaradır.
May yastıbığlı böcəyinin bədəni, qanadlarının üst təbəqəsi qonurabənzər və boz rəngdə olur. Baş və ayaqları qırmızı-boz, qabaq hissəsi qara, təsadüfi hallarda qırmızı olur. Bədəninin uzunluğu 20-25 millimetrə çatır. Sürfəsi sarı-ağ rəngdə olub uzunluğu 40-45 millimetrdir.
İyun yastıbığlı böcəyinin rəngi açıq-qəhvəyi, uzunluğu isə 16-18 millimetrdir.
Böcəyin sürfələri öz inkişafının 2-ci ili kartof yumruları ilə qidalanaraq onun üzərində müxtəlif ölçülü və formalı çalacıqlar əmələ gətirir. Çala açılan yerlərdə kartofun qabığı qalmadığı üçün bu zərərvericinin nişanələri payızlıq sovkadan asanlıqla fərqlənir.
Yastıbığın sürfələri torpaqda 3-4 il qala bilir və puplaşaraq böcək formasına keçir. Dişi fərdlər yumurtalarını peyin və çürüntülü torpaqlarda bitən ot bitkilərinin üzərinə qoyur.
Mübarizə tədbirləri: İlk növbədə kartofun düzgün növbələşməsinə əməl etməklə aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına diqqət yetirilməlidir.
Quru ammonyakdan və ammonyaklı sudan mübarizə məqsədi ilə istifadə edilməsi tövsiyə olunur (Şəkil 4.80.).
Əkin vaxtı torpağın hər hektarına 15-20 kiloqram Diazinon, 15-20 kiloqram Bazudin insektisidi verilməsi səmərəli nəticə verir.
4.2.3.8. Kartof güvəsi (Phzhorimeal operoulella Zell)
Güvənin kəpənəyi gümüşü-boz rəngə çalır, ön qanadlarının arxa kənarında isə tünd ləkə olur (Şəkil 4.81). Qanadlarının açılışı 12-16 millimetrə çatır. Kəpənəyin pupları tarlada qışlayır və erkən yazda onlardan kəpənəklər uçur. Kəpənəklər, adətən, gecələr fəallaşır.