GİRİŞ
Hörmətli oxucu!
Azərbaycanda əkinçiliyin inkişafı qədim tarixə malikdir. Çoxsaylı iqlim şəraitinə, zəngin təbiətə və bərəkətli torpaqlara malik ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait vardır. Kənd təsərrüfatının dənli bitkilər üzrə inkişafı, əsasən, məhsuldarlığın və əkin sahələrinin artırılması vasitəsilə həyata keçirilir. Dənli bitkilər arasında qarğıdalı bitkisinin də xüsusi yeri vardır. Son illər ikinci məhsul kimi silosluq qarğıdalı əkinləri və ümumilikdə yüksək məhsuldar hibrid və sortların alınması yolunda bir çox elmi işlər aparılır. Azərbaycanda hər il 36 000 hektardan çox torpaq sahəsində qarğıdalı əkilir. Yaxın illərdə bu sahənin daha da genişləndirilməsi gözlənilir. Qarğıdalı bitkisindən bir çox sahələrdə istifadə olunur: qida kimi konservləşdirilmiş halda, un, yağ, səhər yeməkləri və məşrubat kimi (partlayan qarğıdalı). Bununla yanaşı, sənayedə də qarğıdalıdan istifadəyə çox rast gəlinir. Sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları alınır. Bitkinin gövdəsindən və yarpağından kağız, linoleum, şüşə qablar üçün süni tıxaclar, plastik kütlə və başqa məmulatlar da hazırlanır. Ən vacibi isə qarğıdalı dəni və silosundan çox qüvvətli yem kimi quşçuluq və heyvandarlıq sahələrində geniş istifadə olunur. Qarğıdalı silosu başqa bitkilərin silosları ilə müqayisədə ən yüksək yem vahidinə malikdir. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, həm də pəhriz xüsusiyyətinə malikdir. Vitaminlərin sayına görə qarğıdalı yem bitkiləri arasında əvəzolunmaz yer tutur.
Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Ölkəmizin cənub rayonlarında gecikmiş və ya təkrar səpinlə qarğıdalının eyni sahədən bir ildə iki dəfə və daha artıq məhsulunu yığmaq mümkündür. Qarğıdalı, o cümlədən, torpağı alaq bitkilərindən təmizləmək üçün də ideal sələf bitkisidir. Onun güclü kök sisteminə malik olması əkin sahəsində başqa alaq otlarının çıxışının qarşısını alır. Qarğıdalı çoxsahəli istifadəyə malik olduğu üçün kənd təsərrüfatında ən mühüm bitkilərdən hesab olunur. Dünyada əkin sahəsi və istifadə olunmasına görə taxıldan və çəltikdən sonra o, üçüncü yeri tutur.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər. Modulda dənli bitkilər arasında öz yeri olan qarğıdalının əkini, becərilməsi və heyvandarlıqda silos kimi hazırlanmasından bəhs edilir.
Modul beş bölmədən ibarətdir. Bölmələrdə qarğıdalı əkini üçün düzgün torpaq, iqlim şəraitinin müəyyən edilməsi, onun əkinə hazırlanması, düzgün əkin materialının seçilməsi, bitkilərə lazımi aqrotexniki qulluq göstərilməsi, yığım vaxtının dəqiq təyin olunması, keyfiyyətli silosun hazırlanma texnoloqiyası ətraflı izah olunur. Hər bir bölmənin sonunda mövzuya aid praktiki tapşırıqlar və nəzəri biliklərin qiymətləndirilməsi üçün suallar verilmişdir.
Ümid edirik ki, bu modul qarğıdalı əkini və becərilməsi üzrə ixtisaslaşan təhsilalanlar üçün faydalı olacaq. Modulda qarğıdalı əkini sahəsinə aid həm nəzəri, həm də praktiki məlumatlar var. Bu moduldan ilk peşə - ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun hesab edilir.