5.3.1.1. Xəndəklərin hazırlanması
Silosu adətən öncədən hazırlanmış xəndəklərdə saxlayırlar. Xəndəyin hündürlüyü 3 metrdən az olmamalıdır, enini isə hazır silosun çıxartma üsulundan asılı olaraq təyin edirlər. Xəndəyin eninin 12-15 metr olması daha əlverişlidir.Silosu hər gün 35-40 santimetr qalınlığında bütün xəndəyin enində götürmək məqsədəuyğun hesab edilir.
Siloslamaya 8-10 gün qalmış xəndəkləri təmizləyib, dezinfeksiya edib əhənglə ağartmaq lazımdır. Xəndək yollarını təmir etmək lazımdır. Xəndəkdəki bütün çatları və deşikləri təmir etmək lazımdır ki, içəriyə hava sızmasın. Xəndəklər yarım yeraltı, (Şəkil 5.21), yeraltı (Şəkil 5.22) və yerüstü formada olur (Şəkil 5.23, Şəkil 5.24).
5.3.1.2. Qarğıdalının silos üçün yığım fazası
Qarğıdalı enerji dəyəri və kimyəvi tərkibinə görə siloslama üçün ideal bitki sayılır. Bu bitki vegetasiya dövrünün bütün fazalarında müvəffəqiyyətlə siloslana bilər. Lakin yemlik xüsusiyyətinə və yem dəyərliliyinə, tərkibindəki turşulara, fazalarına görə fərqlənir.
Quru maddənin 30-35 faiz təşkil etdiyi silosda itki çox az olur və heyvanlar bu şirəli yemi daha yaxşı həzm edirlər.
Quru maddə - bitkinin orqanik və qeyri orqanik maddələr tərkibinin göstəricisidir.
Orqanik maddələr - xam zülal, yağ və karbohidratlardır.
Qeyri orqanik maddə - xam küldür. Yemin əsas enerjisini məhz karbohidratlar və yağ verir, buna görə də onların tərkib faizi silosun əsas göstəricilərindəndir.
Başqa silosluq bitkilərdən fərqli olaraq qarğıdalının (vegetasiya dövründən asılı olmaqla) mübadilə enerjisi və zülal tərkibi dəyişir. (Cədvəl 5.1).
Cədvəldən də göründüyü kimi silos üçün qarğıdalı nə qədər gec yığılarsa (mum yetişkənlikdə), bir o qədər yüksək məhsul və keyfiyyətli yem almaq olar.